Son dəqiqə

Türkiyə xarici işlər nazirliyi Qətər Hakan Fidan Qəzza

Qəzzada atəşkəs elan edilməli və humanitar yardım dəhlizi yaradılmalıdır - Hakan Fidan

Bakı. TurkicWorld:

Dərhal atəşkəs elan edilməli və humanitar yardım dəhlizi yaradılmalıdır.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərin xarici işlər naziri Əbdürrəhman əl-Tani ilə birgə mətbuat konfransında çıxışı zamanı deyib.

“Gündəliyimizdəki ən mühüm məsələ İsrail-fələstin münaqişəsidir. Hazırda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan regionda sülhün bərqərar edilməsi üçün çalışır. Qəzzaya qarşı quru əməliyyatı bu vəhşiliyi daha dəhşətli bir qırğına çevirəcək. Qəzzaya edilən hücumları heç bir şəkildə qəbul etmirik. İsrail dərhal bu səhvindən əl çəkməlidir. Dərhal atəşkəs elan edilməli və humanitar yardım dəhlizi yaradılmalıdır", - deyə o bildirib.

H.Fidan onu da vurğulayıb ki, əgər mövcud vəziyyətin qarşısı alınmazsa, daha pis şeylər baş verəcək.

"Fələstin məsələsi ilə bağlı ədalətli nəticə əldə edilməyənə qədər bölgəmizdə daimi sülh bərqərar olmayacaq”, - deyə o əlavə edib.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.

İsrailin Qəzzaya hücumları nəticəsində ölən mülki vətəndaşların sayı 5 min 791 nəfərə çatıb.

Qəzzadan həyata keçirilən hücumlarda 304-ü əsgər olmaqla 1405 israillinin öldüyü, 3 min 968 israillinin yaralandığı bildirilib.

Ləman Əsədli
Twitter: Lamanasadli01

Mövzuya görə xəbərlər