Bakı. TurkicWorld:
Türkiyə Qarabağ məsələsində Azərbaycanın yanında olduğu kimi, bu gün də Fələstinin yanındadır.
TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyənin Ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş “Azərbaycan Qadınlarının 6-cı Qurultayı”nın açılış toplantısında iştirakı zamanı deyib.
"Türkiyə Qarabağ məsələsində Azərbaycanın yanında olduğu kimi, bu gün də Fələstinin yanındadır. Ümid edirik ki, iğtişaşlara ən qısa zamanda son veriləcək. Türkiyə ilə Azərbaycan arasındakı birlik bütün bölgə üçün böyük fürsətdir",- deyə nazir bildirib.
Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Qadınlarının VI Qurultayı keçirilir.
Azərbaycanın bütün regionlarından olan 600-ə yaxın qadının bir araya gəldiyi Azərbaycan Qadınlarının VI Qurultayı ölkəmizdə qadın hərəkatının əsasını qoymuş Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi, eyni zamanda ilk Qadın Qurultayının 25 ili münasibətilə baş tutur.
Türkiyə, Özbəkistan və Tacikistan Respublikalarının dövlət rəsmilərinin də qatılacağı Qurultayda millət vəkilləri, dövlət və qeyri-hökumət, eləcə də beynəlxalq təşkilatların və xarici dövlətlərin ölkəmizdəki səfirliklərinin, o cümlədən respublikanın bütün regionlarından nümayəndələr, görkəmli ictimai-siyasi xadimlər iştirak edəcək, qeyd edilən məsələləri müzakirə edərək, təkliflərini diqqətə çatdıracaqlar.
Aytac Süleymanova
Twitter: a_alieva_






