Qüdsdə sülhün təminatçısı Türkiyədir – Selin Şenocak

Qüdsdə sülhün təminatçısı Türkiyədir – Selin Şenocak

Bakı. TurkicWorld: – Selin Şenocak (YUNESKO-nun Mədəniyyət Diplomatiyası və İdarəetmə Kafedrasının rəhbəri)

Yaxın Şərqdəki qanlı münaqişələri anlamaq üçün tarixi prosesə nəzər salmaq lazımdır, bu, sadə torpaq münaqişəsi deyil. Bir çox ekspertlərin mətbuatda verdiyi lazımsız açıqlamalar, sadəcə olaraq, ideoloji, səthi məlumatdır, tarixi və elmi məlumatlardan uzaqdır, heç bir konstruktiv və həll yönümlü yanaşma nümayiş etdirmir.

400 il Osmanlı dövlətinin hakimiyyəti altında sülh şəraitində yaşayan Yaxın Şərqin, 1916-cı ildə Skypes-Picot müqaviləsi ilə uzun sürən qanlı bir münaqişənin mərkəzinə çevrilməsinin səbəblərini anlamaq lazımdır.

1908-ci ildə Sənaye İnqilabı və British Petroleum-un (APOC) tərəfindən İranda neft kəşf etməsi ilə Yaxın Şərq, imperialist güclərin əsas hədəfinə çevrildi.

1916-cı ildə İngiltərə və Fransa gizli Skypes-Picot müqaviləsini imzaladılar. Buna uyğun olaraq imperialist güclər, Yaxın Şərqə nəzarəti ələ keçirmək üçün bölgədə üsyanlar başladaraq və Osmanlı dövlətinin torpaqlarını bölüşdürərək Yaxın Şərqi idarə etməyi planlaşdırdılar və bu məsələdə də uğur qazandılar.

1919-cu ildə Millətlər Cəmiyyəti (bugünki BMT) bu sərhədləri tanıdı və müstəqilliyə hazır olduqları müəyyən edilənə qədər fransız və ingilislərə bu dövlətləri idarə etmək üçün “mandat” verildi və müttəfiqlər torpaqları bölüşdürdülər.

Müvafiq olaraq, Fransa Livanı (sonradan mennonit xristianlara verəcəkləri) və Suriyanı, İngiltərə isə Fələstini, İordaniyanı və İraqı “mandat” və ya protektorat altına aldı.

O dövrdə hansı dini və etnik qrupların mövcud olmasından asılı olmayaraq, torpaqlar arasında süni sərhədlər yaradıldı.

Bu gün Yaxın Şərq, bir əsrdir davam edən qanlı münaqişələr və müharibələrlə bu müqavilənin bədəlini ödəyir.

Bir çox ekspertlər Yaxın Şərqdə qarşıdurmaların 1948-ci ildə dövlətin qurulması ilə başladığını iddia etsə də, bu münaqişələrin başlanğıcı 1916-cı ildə Skypes-Picot müqaviləsi ilə başlayıb. Osmanlı dövlətinə xəyanət edən ərəb bədəvi tayfalarının bölgə təbii sərvətlərlə zənginləşdikcə birləşərək imperialist güclərə etnik və dini zəmində xəyanət etmələrinin qarşısını almaq üçün müxtəlif etnik qrupları “parçala hökm et”lə nəzarətdə saxlamaq istəyirdilər. Buna uyğun olaraq, fransızlar Suriya və Livanda maronit və xristian azlıqları gücləndirərək, onları orada güc mərkəzinə çevirdilər. 1917-ci il Balfour müqaviləsi ilə ingilislər Böyük Britaniyanın Sionist Federasiyasına "Fələstində yəhudi xalqı üçün milli evin yaradılmasını" vəd etdi.

1922-ci ildə Uinston Çörçill “White Paper” adlanan bəyanatında yəhudi xalqı üçün Fələstində vətəni dəstəklədiyini bir daha təsdiqləmiş, lakin yəhudi milliyyətinin olmayacağını və bütün vətəndaşların Fələstin vətəndaşı olacağını bildirmişdi.

İkinci Dünya Müharibəsindən sonra Birləşmiş Millətlər Təşkilatının yaradılması ilə 1947-ci ildə İngiltərə Yaxın Şərqdən çəkilməyə qərar verdi və problemin həlli üçün BMT-yə müraciət etdi. Bu qərar və İsrailin bəyanatı Fələstini viran qoydu və 1948-ci ildə ilk Ərəb-İsrail müharibəsinə səbəb oldu. Beləliklə, David Ben-Qurion 14 may 1948-ci ildə İsrailin müstəqilliyini elan etdi.

Qeyd edək ki, İsrail Dövləti və MOSSAD-ın əsasları İstanbulda qoyulub.

Mossad-ın qurucusu Reuven Shiloah, Ben Gurion, İsrail Dövləti və MOSSAD ilə əməkdaşlıq edərək İstanbulun ən prestijli binası olan İstiklal küçəsində yerləşən Mısır Apartmanı binasında quruldu.

Bu kontekstdə nəzərə alındıqda, Türkiyə həm İsrail, həm də Fələstin xalqı üçün təkcə tarixi deyil, həm də mənəvi baxımdan əhəmiyyətli bir ölkə hesab olunur.

Türkiyə regionda münaqişələrin həllində ən səlahiyyətli və qanuni ölkədir. Bölgədə sülhü təmin etmək üçün prezident Rəcəb Tayyib Ərdoğan, İordaniya kralı Abdullah və Rusiya prezidenti Vladimir Putinin xüsusilə vurğuladığı kimi, 1967-ci il sərhədləri tanınmalı və paytaxtı Şərqi Qüds olan Fələstin Dövlətinin qurulması lazımdır. Həm İsrail, həm də HƏMAS-ın mülki vətəndaşları öldürərək həyata keçirdiyi hücumlar insan haqlarına və beynəlxalq hüquqa ziddir. Bu cür münaqişələr regionda sülh və əmin-amanlığı təmin etmək əvəzinə kütləvi qırğınlara, dağıntılara səbəb olur və bu vəziyyəti qanuniləşdirmək üçün heç bir əsas yoxdur.

Tərcümə: Ləman Əsədli