Bakı. TurkicWorld:
Türkiyə Kosovo qüvvələrinin komandanlığını almağa hazırlaşır.
TurkicWorld-un məlumatına görə, Türkiyə Kosovo ilə Serbiya arasında gərginliyin artdığı bir vaxtda NATO-nun Kosovodakı Sülh Qüvvələrinin (Kosovo Force-KFOR) komandanlığını öz üzərinə götürməyə hazırlaşır.
10 oktyabr 2022-ci ildə Macarıstandan 27-ci KFOR missiyasını təhvil alan İtaliya, komandanlıq müddətini başa vurduqdan sonra vəzifəni təhvil verməyə hazırlaşır. Türkiyə komandanlığı 10 oktyabr 2023-cü ildə keçiriləcək mərasimlə təhvil alacaq.
KFOR Balkanlarda sülh və sabitliyin təmin edilməsində ən mühüm missiyalardan biri kimi qiymətləndirilib.
Qurulduğu gündən bəri KFOR-a töhfə verməyə davam etdiklərini bildirən mənbələr qeyd edib ki, Türkiyə hazırda əlavə operativ ehtiyat bölmələrimizlə KFOR missiyasına dəstək verən əsas ölkələrdən biridir.
Mənbələr Türkiyənin mədəni və tarixi bağları olan Kosovonun müstəqilliyini tanıdığını, dəstək çərçivəsində qurulan beynəlxalq mexanizmlərdə fəal iştirak etdiyini vurğulayaraq, KFOR-un oynadığı kritik rol və mövcudluğunun Kosovo üçün hələ də zərurət olduğunu bildiriblər.
Türkiyənin KFOR-a töhfəsinin azalmadan davam edəcəyini bildirən mənbələr əlavə ediblər ki, KFOR missiyasının Türkiyəyə təyin olunması ilə əsgər töhfələri ilə bağlı koordinasiyalı araşdırmalara başlanılıb.
Məlumat üçün bildirək ki, Kosovonun şimalında aylardır davam edən gərginlik sentyabrın 24-də səhər saatlarında, əsasən serblərin yaşadığı Banjskada yolu bağlayan silahlı serblərin açdığı atəş nəticəsində bir polis əməkdaşının ölməsi ilə yenidən artıb.
Banjska monastırı və ətrafına sığınan silahlı qrup Kosovo polisi tərəfindən mühasirəyə alınıb və gün ərzində bölgədə qarşıdurmalar davam edib.
Serbiya prezidenti Aleksandar Vuçiç, Kosovo polisinin ölümü ilə nəticələnən insidentin Kosovo serbləri tərəfindən törədildiyini təsdiqləyib.
Aytac Süleymanova
Twitter: a_alieva_







