Aİ-nin Türkiyəyə 400 milyon avroluq yardım paketi təsdiqlənib

Aİ-nin Türkiyəyə 400 milyon avroluq yardım paketi təsdiqlənib

Bakı. TurkicWorld:

Avropa Parlamenti (AP) mərkəzi Kahramanmaraşda olan zəlzələlərlə əlaqədar Avropa İttifaqının (Aİ) Türkiyəyə edəcəyi 400 milyon avroluq yardımı təsdiqləyib.

TurkicWorld-un məlumatına görə, AP Baş Assambleyasında keçirilən səsvermədə yardım paketi 593 "hə" səsi, 11 "xeyr" səsi və 22 bitərəf səslə qəbul edilib.

AP-dəki liberal "Avropanı Yenilə" Qrupunun (əvvəllər Avropa üçün Liberal və Demokratik Alyans - ALDE kimi tanınır) vitse-prezidenti Katalin Çeh səsvermədən əvvəl məruzəçi kimi çıxışında bildirib ki, Aİ-nin həmrəylik və fövqəladə ehtiyatı limitdədir və artırılmalıdır.

"Bir ölkənin faciəsini başqa bir ölkənin faciəsi ilə müqayisə etmək cəhdlərini qətiyyən rədd edirik. Türkiyə Aİ-yə namizəd ölkədir və hüquqi cəhətdən yardıma layiqdir. Bunun qarşısını almaq cəhdləri populist və bölücü xarakter daşıyır",- deyə Katalin Çeh qeyd edib.

Qeyd edək ki, Aİ Komissiyasının yardım təklifi, üzv ölkələrdən ibarət Aİ Şurası tərəfindən sentyabrın 18-də və AP-nin Büdcə Komitəsi tərəfindən sentyabrın 20-də təsdiq edilib.

AP Baş Assambleyası tərəfindən təsdiq edilən bütün paketə 454,8 milyon avro yardım daxildir. Bu məbləğin 400 milyon avrosu Türkiyəyə, 33,9 milyon avrosu 2022-ci ildə quraqlıqdan əziyyət çəkən Rumıniyaya, 20,9 milyon avrosu isə 2022-ci ilin sentyabrında daşqınların dağıntılara səbəb olduğu İtaliyaya göndəriləcək.

Yardım Aİ büdcəsinin həmrəylik və təcili yardım üçün ayrılmış hissəsindən ödəniləcək.