Türkiyənin PNS BABUR gəmisi Pakistan Hərbi dəniz qüvvələrinə təhvil verilib

Türkiyənin PNS BABUR gəmisi Pakistan Hərbi dəniz qüvvələrinə təhvil verilib

Bakı. TurkicWorld:

Türkiyənin Pakistan MİLGEM layihəsi çərçivəsində, Pakistan Hərbi dəniz qüvvələri üçün istehsal edilən dörd gəmidən birincisi olan PNS BABUR, təntənəli mərasimlə təhvil verilib.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Hərbi zavod və gəmiqayırma zavodunun idarə edilməsi səhmdar cəmiyyətinin (ASFAT) dəniz proqramları direktoru Emre Koray Gençsoy açıqlama verib.

"2018-ci ilin sentyabrında imzalanan və 2019-cu ilin mart ayından fəaliyyətə başlayan layihə 7 ili əhatə edir və 20 mərhələdən ibarətdir. Layihə Pakistan donanmasının ehtiyaclarına uyğun genişləndirilib, fərqli silah sistemlərinə uyğunlaşdırılıb, hər şey sıfırdan hesablamalar, analizlər və model sınaqları ilə edilib. Təxminən 108 metrlik bir gəmidir. Eni 14,8 metrdir və 3 min ton civarındadır. Sualtı döyüşdən yerüstü döyüşə, quru bombardmanından hava hücumundan müdafiəyə qədər hər növ ağır silah yükü var. Yerli və milli elementlərlə yanaşı, Pakistan hərbi dəniz qüvvələrinin təyin etdiyi beynəlxalq silahlar da bu gəmilərə inteqrasiya edilib. Gəmi qaz turbininə və iki əsas mühərrikdən ibarət hərəkət sisteminə malikdir. Qoşa şaftlıdır. Təxminən 26 düyündən daha sürətli gəmidir. Gəmidə 142 pakistanlı hərbçi xidmət edə bilər",- deyə Emre Koray Gençsoy bildirib.

Xatırladaq ki, 2021-ci ildə Türkiyə prezidenti Ərdoğanın İstanbulda Pakistan prezidenti Arif Alvi ilə birlikdə BABUR korvetinin suya salınma mərasimində iştirak edib. 2022-ci ilin may ayında isə prezident Ərdoğanın videomüraciət ilə qatıldığı mərasimlə Pakistanın Kəraçi şəhərində BADR korveti suya buraxılıb.

Ötən ilin noyabrında İstanbulda prezident Ərdoğanın və Pakistanın baş naziri Şahbaz Şərifin də iştirak etdiyi mərasimlə KHAIBAR korveti suya buraxılıb.

Pakistanın MİLGEM layihəsinin dördüncü və son korveti olan TARİQ isə 2 avqust tarixində Pakistanın Kəraçi şəhərində suya buraxılıb.