Türkiyədə elektrikli avtomobillər üçün enerji doldurma məntəqələrinin sayı 8 mini ötüb

Türkiyədə elektrikli avtomobillər üçün enerji doldurma məntəqələrinin sayı 8 mini ötüb

Bakı. TurkicWorld:

Türkiyədə elektrikli avtomobillər üçün enerji doldurma məntəqələrinin sayı 8 min 861-ə çatıb.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatının (EPDK) sədri Mustafa Yılmaz məlumat verib.

"Ölkə üzrə son rəqəmlərə görə, 4 min 221 enerji doldurma məntəqəsinin 6 min 633-ü yavaş (AC), 2 min 228-i isə sürətli doldurma (DC) nöqtəsi olmaqla, cəmi 8 min 861 məntəqə var. Ölkəmizdə təxminən hər 14 avtomobil üçün bir enerji doldurma nöqtəsi var və bu saya görə Türkiyə Avropada birinci yerdədir",- deyə Mustafa Yılmaz qeyd edib.

Mustafa Yılmaz bildirib ki, Türkiyədə elektriklə işləyən nəqliyyat vasitələrinin sayı artarkən, bu vasitələrin ətraf-mühitə uyğun istifadəsinə imkan verəcək EPDK tənzimləməsi qüvvədədir.

"İstənilən enerji doldurma məntəqəsinin elektrik enerjisinə olan tələbatını ödəmək üçün artıq bərpa olunan enerji mənbələrinə əsaslanan elektrik enerjisi istehsalı müəssisəsi və enerji doldurma məntəqəsi daxilində istehlak obyektinə inteqrasiya olunmuş elektrik enerjisi anbarı yaratmaq mümkündür. İndi enerji doldurma məntəqələrindən əlavə elektrik enerjisi saxlama və bərpa olunan enerji istehsalı müəssisəsi ilə inteqrasiya olunmuş YEK-G sertifikatlı elektrikli nəqliyyat vasitələri üçün enerji doldurma xidmətləri də yaşıl doldurma stansiyaları ilə təmin edilə bilər. Sənayemizin bu mövzuda investisiyalarını davam etdirməsini gözləyirik",- deyə EPDK sədri əlavə edib.