Bakı. TurkicWorld:
Türkiyə Müdafiə Sənayesi daxilində ASER texnologiya şirkəti tərəfindən hazırlanan GHOST Havadan Müdafiə Sistemi Səudiyyə Ərəbistanına ixrac ediləcək.
Bu barədə TurkicWorld-a Türkiyə hərbi mənbələrindən bildirilib.
Məlumata əsasən, GHOST sistemi S.Ərəbistanının GHADI Holdinq ortaqlığı ilə Hərbi Sənaye üzrə Baş İdarəyə (GAMI) göndəriləcək.
Bundan əlavə, Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında birgə anti-dron sisteminin hazırlanacağı gözlənilir.
"Birgə hazırlanacaq anti-dron sistemi hazırkı GHOST versiyası üzərində innovativ texnologiyalardan ibarət olacaq və dünya bazarına təqdim olunacaq. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın rəhbərliyi ilə Səudiyyə Ərəbistanı yüksək texnologiyalara sərmayə qoyur", - deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, GHOST PUA-ları aşkarlayan və avtomatik olaraq radiotezlik idarəetmə diapazonunu zərərsizləşdirən elektron döyüş sistemidir. PUA sinfinə inteqrasiya olunmuş radar sistemi fırlanan və sabit qanadları aşkar etməklə yanaşı, prosesi avtomatik və anında yerinə yetirir.
Ləman Əsədli
Twitter: lamanasadli01







