Bakı. TurkicWorld:
Türkiyə Odalar və Birjalar Birliyində (TOBB) Türkiyə-Səudiyyə Ərəbistanı dəyirmi masa toplantısı keçirilib.
TurkicWorld-un məlumatına görə, Türkiyə Odalar və Birjalar Birliyinin (TOBB) sədri Rifat Hisarcıklıoğlu, bu il Səudiyyə Ərəbistanı ilə ticarətdə əhəmiyyətli bir artım gördüklərini ifadə edib.
“Qazanılan təcillə 10 milyard dollarlıq ticarət həcminə çata biləcəyimizi düşünürəm. İlk mərhələdə orta və uzunmüddətli perspektivdə 30 milyard dollarlıq ticarət həcmini reallaşdıra bilərik”,- deyə TOBB sədri bildirib.
Türkiyənin iqtisadi fəaliyyətlərindən və böyüklüyündən bəhs etdiyi çıxışında Hisarcıklıoğlu, türk iş dünyası olaraq ölkələr arasında iqtisadi əlaqələrin canlanmasından son dərəcə xoşbəxt olduqlarını qeyd edib.
"İki ölkənin ticarət və iqtisadi əlaqələrinin tarixi kökləri və təməlləri möhkəmdir və yeni dövrdə əlaqələri şaxələndirmək, dərinləşdirmək istəyirik. Səudiyyə Ərəbistanı Türkiyəyə indiyə qədər 2 milyard dollara yaxın birbaşa sərmayə qoyub. Digər tərəfdən, Səudiyyə Ərəbistanı bizim podratçılıq sənayemiz üçün çox vacibdir. Podratçı şirkətlərimiz 390 layihəni uğurla başa vurublar. Qarşılıqlı investisiyalar və müqavilə sahəsində böyük potensial var. Önümüzdəki dövrdə daha çox əməkdaşlıq etmək istəyirik",- deyə Rifat Hisarcıklıoğlu əlavə edib.
Aytac Süleymanova
Twitter: a_alieva_







