MİLGEM-in sonuncu gəmisi Pakistanda istifadəyə veriləcək

MİLGEM-in sonuncu gəmisi Pakistanda istifadəyə veriləcək

Bakı. TurkicWorld:

Pakistan MİLGEM Layihəsinin 4-cü gəmisi olan PNS TARİQ avqustun 2-də təntənəli mərasimlə suya buraxılacaq.

TurkicWorld-un məlumatına görə, uzunmənzilli təsirli sensorlar və silah sistemləri ilə təchiz edilmiş, aşağı radar kəsiyi və aşağı akustik imzası sayəsində izlənilməsi çətin olan, yüksək etibarlılıq və çəkindirmə qabiliyyətinə malik yeni nəsil korvetlər Pakistan donanmasının gücünü artıracaq.

Suya buraxılış mərasiminin Pakistanın Kəraçi şəhərində keçirilməsi planlaşdırılır.

ASFAT 6 sentyabr 2018-ci il tarixində Pakistan Müdafiə istehsalat nazirliyi ilə imzalanan müqavilə çərçivəsində, Pakistan Hərbi Dəniz Qüvvələrinə 4 ədəd PN MİLGEM korveti sataraq, o dövrdə Türkiyənin müdafiə sənayesində ən böyük tək ixrac layihəsini həyata keçirib.

Qeyd edək ki, Türkiyə Milli Müdafiə Nazirliyi ilə Pakistan Müdafiə Nazirliyi arasında imzalanan G2G müqaviləsi nəticəsində MİLGEM Corvettes-in ilk ixrac müştərisi Pakistan olub.

Hazırda Türkiyə Hərbi Dəniz Qüvvələrinin inventarında 4 ədəd MİLGEM ADA sinif korveti var.