Bakı. TurkicWorld:
Türkiyənin ilk təyyarə fabriki olan TOMTAŞ, təyyarə və helikopter hissələri istehsal etmək üçün təxminən 205 milyon lirəlik sərmayə ilə Kayseridə yenidən fəaliyyətə başlayacaq.
TurkicWorld-un məlumatına görə, Türkiyənin ilk təyyarə fabriki olan TOMTAŞ, türk aviasiya sənayesinə yenidən töhfə verməyə başlayacaq. ASFAT, Erciyes Texnopark,Türk Aerokosmik Sənayesi və TOMTAŞ Aviasiya və Texnologiya A.Ş. tərəfindən yenidən qurulan fabrikdə təyyarə gövdəsi, qanadları, qapıları, idarəetmə səthləri, eniş qurğuları, pərvanəlr, vertolyot rotorları və mühərrik hissələri istehsal ediləcək.
Bu fabrikin yenidən qurulması üçün 205 milyon lirə investisiya ayrılıb. Qurulacaq obyektin illik istehsal gücü 420 min kiloqram olacaq. Obyekt üçün 10 milyon 207 min 500 dollar dəyərində maşın və avadanlıq idxal ediləcək.
Məlumat üçün qeyd edək ki, TOMTAŞ Aviasiya və Texnologiya A.Ş.-nin tarixi 1920-ci illərə gedib çıxır. 1925-ci ildə Türk Təyyarə Cəmiyyəti yaradıldıqdan sonra təyyarə zavodunun yaradılması istiqamətində addımlar atılıb. Kapital və texniki kadrlar baxımından ehtiyaclar nəzərə alınaraq Almaniyanın Junkers şirkəti ilə tərəfdaşlıq qurulub.
TOMTAŞ fabrikinin rəsmi açılışı 1926-cı ildə baş tutub. Zavodun avadanlıqları və işçi heyətinin bir hissəsi Almaniyadan gətirilib. 1928-ci ildə isə fabrik fəaliyyətini dayandırıb.
TOMTAŞ-ın 1931-ci ildə Kayseri Təyyarə Zavodu adı ilə yenidən açılışı baş tutub. Bu fabrik müxtəlif dəyişikliklərdən keçdikdən sonra bugünkü Kayseri Hava Təchizat və Baxım Mərkəzi Komandanlığına çevrilib.







