Ərdoğanın andiçmə mərasimində 78 ölkədən liderlər iştirak edəcək

Ərdoğanın andiçmə mərasimində 78 ölkədən liderlər iştirak edəcək

Bakı, TurkicWorld:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bugün keçiriləcək andiçmə mərasimində 78 ölkədən 21 prezident, 13 baş nazir və Türk Dövlətləri Təşkilatı, NATO, İslam Əməkdaşlıq Təşkilatının nümayəndələri iştirak edəcək.

TurkicWorld xəbər verir ki, andiçmə mərasimində Azərbaycan, Venesuela, Bolqarıstan, Qabon, Qvineya-Bisau, Cənubi Afrika Respublikası, Monteneqro, Qazaxıstan, Qırğızıstan, Konqo, Kosovo, Şimali Kipr Türk Respublikası, Şimali Makedoniya, Özbəkistan, Ruanda, Seneqal, Somali, Toqo, Türkmənistan, Banqladeş və Qvineyanın dövlət başçıları iştirak edəcək.

Məlumata əsasən, Pakistan, Macarıstan,Ermənistan, Liviya da daxil olmaqa 13 ölkədən baş nazirlər Türkiyəyə gələcək.

Bundan əlavə, mərasimdə Türk Dövlətləri Təşkilatı, NATO və İslam Əməkdaşlıq Təşkilatının baş katibləri daxil olmaqla, ümumilikdə, səkkiz beynəlxalq təşkilatın nümayəndələri iştirak edəcək.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi yerli vaxtla saat 15:00-da Türkiyə Böyük Millət Məclisində (TBMM) keçiriləcək.

O, əvvəlcə TBMM-in müvəqqəti sədri Devlet Bahçelidən mandatını alacaq, daha sonra and içəcək.

Mayın 28-də keçirilən seçkilərdə yenidən prezident seçilən Rəcəb Tayyib Ərdoğan üçün 2028-ci ilə qədər davam edəcək növbəti prezidentlik müddəti rəsmi şəkildə başlayır.

Ləman Əsədli
Lamanasadli01