Ərəb dövlətlərindən Türkiyəyə investisiya yatırımlarının olacağı gözlənilir – Rufiz Hafizoğlu

Ərəb dövlətlərindən Türkiyəyə investisiya yatırımlarının olacağı gözlənilir – Rufiz Hafizoğlu

Bakı, TurkicWorld

Türkiyənin Ərəb dünyasında iki kilid ölkə olan Səudiyyə Ərəbistanı və Misirlə münasibətləri normallaşdıracağı təqdirdə ölkəyə investisiya qoyuluşu gözlənilir, TurkicWorld xəbər verir ki, bu sözləri Trend İnformasiya Agentliyinin baş direktorunun müavini, siyasi ekspert Rufiz Hafizoğlu AXC Tv-yə açıqlamasında deyib.

“Türkiyə-Ərəb dünyası münasibətləri məhz Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakimiyyətə gəldikdən sonra normallaşmağa başladı. Cənab Ərdoğan Ərəb dünyasında ciddi lider boşluğu olduğunu anladı. Ərəb dünyası ilə Türkiyəni birləşdirən yeganə məqam məzhəb eyniliyi, islam dini idi. O, Livan kimi kritik bir ölkədə itirilmiş nüfuzunu bərpa etdi”, - deyə o qeyd edib.

R.Hafizoğlu onu da bildirib ki, Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) və cənab Ərdoğana ilkin mərhələdə ən çox dəstək verən məhz yaşıl kapital idi.

“Qətər əmirinin Türkiyəyə açıq dəstəyi hər kəsə məlumdur. Digər Körfəz dövlətlərinin Qətərdə hərbi çevriliş cəhdinin qarşısı məhz R.T.Ərdoğan dönəmində alındı. Qətər əmiri də bunu yüksək qiymətləndirdi. Bu baxımdan, yaxın zamanda Qətərin Türkiyəyə investisiya yatırımlarının olacağı gözlənilir”, - deyə R.Hafizoğlu əlavə edib.

Məlumat üçün bildirək ki, Rəcəb Tayyib Ərdoğan 52,16% səslə 28 may tarixində Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda qalib olub.

Ləman Əsədli
Lamanasadli01