Son dəqiqə

Rufiz Hafizoğlu Birləşmiş Ərəb Əmirlikləri Yaxın Şərq Azərbaycan–BƏƏ əlaqələri sürətlə genişlənir: Yeni müqavilələr və iri investisiyalar Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Prezident İlham Əliyevin BƏƏ-yə səfəri yaşıl transformasiya

Yaxın Şərq üzrə ekspert: Prezident İlham Əliyevin BƏƏ-yə səfəri yeni əməkdaşlıq imkanları yaradacaq

BAKI, TurkicWorld

Azərbaycanla Ərəb dünyasının ən dinamik inkişaf edən ölkələrindən biri olan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında münasibətlər son illərdə, xüsusən də Vətən müharibəsindən sonra keyfiyyətcə yeni müstəviyə yüksəlib. Ümumiyyətlə, Azərbaycan ərəb ölkələri ilə münasibətlərinə hər zaman xüsusi önəm verib ki, bu da ölkəmizin müstəqil Yaxın Şərq siyasətinin tərkib hissəsidir. Məhz bu siyasət sayəsində ərəb ölkələri ilə, xüsusən də BƏƏ ilə münasibətlər dünya praktikasında olan klassik çərçivəni çoxdan aşaraq strateji tərəfdaşlıq səviyyəsinə çatıb.

TurkicWorld xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Yaxın Şərq üzrə ekspert Rufiz Hafizoğlu söyləyib.

O bildirib ki, bu gün Azərbaycan və BƏƏ bir çox sahələrdə – siyasi, iqtisadi, hərbi, energetika və turizm istiqamətlərində əməkdaşlıq etməklə yanaşı, eyni zamanda, müxtəlif platformalarda da bir-birini dəstəkləyir. Bütün bunları nəzərə alaraq tam əminliklə söyləmək olar ki, hazırda iki dövlət bir çox sahədə əməkdaşlıq edir.

“Azərbaycan regional logistika və enerji mərkəzi rolunda çıxış etdiyi halda, Birləşmiş Ərəb Əmirlikləri kapital imkanları, qabaqcıl texnologiyalar, “yaşıl transformasiya” təcrübəsi və geniş qlobal investisiya şəbəkəsi ilə bu modeli tamamlayır.

Qarşılıqlı anlayış prinsipinə əsaslanan bu əməkdaşlıq modelinin siyasi və strateji çərçivəsi Prezident İlham Əliyevin Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla keçirdiyi yüksək səviyyəli görüş zamanı növbəti dəfə təsdiqlənib. Qarşılıqlı etimada əsaslanan tərəfdaşlığı dərinləşdirmək niyyəti açıq şəkildə ifadə olunub.

Azərbaycan–BƏƏ münasibətlərində enerji və ticarət sahələrində əməkdaşlıq xüsusi vurğulanmalıdır. Ticarət dövriyyəsində qeydə alınan artım iki ölkə arasında biznes marağının əhəmiyyətli dərəcədə yüksəldiyini nümayiş etdirir. Bu proses təkcə statistik göstəricilərin artması ilə məhdudlaşmır, eyni zamanda, logistika zəncirlərinin genişlənməsi, maliyyə axınlarının intensivləşməsi, qarşılıqlı investisiya imkanlarının artması və yeni bazarların açılması baxımından strateji əhəmiyyət daşıyır”, - deyə R.Hafizoğlu söyləyib.

Ekspertin fikrincə, Azərbaycan ilə BƏƏ arasında strateji tərəfdaşlığın ən möhkəm dayaqlarından də biri enerji sahəsidir. Uzun illər əsasən energetika sahəsində formalaşan bu əməkdaşlıq yeni mərhələyə qədəm qoyaraq bərpa olunan enerji mənbələri və “yaşıl transformasiya” istiqamətində genişlənir. BƏƏ ilə enerji əməkdaşlığını əhatə edən bir sıra sənədlərin imzalanması tərəflərin əməkdaşlıq gündəliyini daha sistemli və uzunmüddətli çərçivəyə daşıdığını göstərir. Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması Azərbaycan üçün yalnız fiziki bərpa prosesi deyil, eyni zamanda, iqtisadi inkişaf modelini yenidən formalaşdıran strateji xəttdir. Bu miqyaslı layihənin maliyyə yükü kifayət qədər ağırdır və məhz, bu nöqtədə xarici investisiyalar mühüm rol oynayır.

R.Hafizoğlu əlavə edib ki, BƏƏ-nin rasional investisiya siyasəti Qarabağ üçün, xüsusilə uyğun görünür. Söhbət yalnız dağıdılmış ərazilərin bərpasından getmir. Bu investisiyalar Qarabağın enerji, logistika və xidmət sektorlarının kəsişdiyi regional iqtisadi mərkəzə çevrilməsi baxımından da böyük əhəmiyyət daşıyır.

“Bu baxımdan, Prezident İlham Əliyevin BƏƏ-yə son səfəri sırf protokol xarakterli diplomatik təmas kimi qiymətləndirilə bilməz. Bu səfər münasibətlərin məzmun baxımından yeni mərhələyə keçdiyini göstərməklə yanaşı, yeni əməkdaşlıq imkanları da yaradacaq”, - deyə Rufiz Hafizoğlu qeyd edib.

Mövzuya görə xəbərlər