Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün yeni evlərin təməlqoyma mərasimində iştirak etmək üçün Adıyamana gedəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün yeni evlərin təməlqoyma mərasimində iştirak etmək üçün Adıyamana gedəcək

Bakı. TurkicWorld:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün zəlzələdən zərər çəkmiş Adıyamana yeni evlərin təməlqoyma mərasimində iştirak etmək üçün səfər edəcək.

TurkicWorld-un məlumatına görə, təməlqoyma mərasimindən sonra Türkiyə Prezidenti Adıyamanda çadır şəhərciyini ziyarət edərək zəlzələdən zərərçəkənlərlə iftarda görüşəcək.

"Ramazan ayı boyunca zəlzələdən zərər çəkmiş vilayətlərə səfərlərimiz davam edəcək. Zəlzələ bölgəsində bir ildə cəmi 650 min yaşayış evi tikməyi hədəfləyirik",- deyə Ərdoğan bildirib.

Qeyd edək ki, Kahramanmaraş zəlzələlərindən zərər çəkmiş 11 vilayətdə ümumilikdə 46.327 təbii fəlakət evi üçün müqavilələr imzalanıb və tikinti prosesi başlayıb. Martın 23-dən etibarən, Prezident Ərdoğanın da qatıldığı mərasimlə 17 min 902 iqamətgahın təməli atılıb.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Zəlzələ nəticəsində həlak olanların sayı 50 min nəfəri keçib.