Türkiyənin "Anadolu" flaqmanının göyərtəsində ilk dəfə helikopterlər eniş edib

Türkiyənin "Anadolu" flaqmanının göyərtəsində ilk dəfə helikopterlər eniş edib

Türkiyə Silahlı Qüvvələrinə məxsus "AH-1W Super Cobra" və "SH-70 Sea Hawk" helikopterləri ilk dəfə Türkiyə Hərbi Dəniz Qüvvələrinin flaqmanı olan “Anadolu” desant gəmisinin göyərtəsində eniş edib.

Trend xəbər verir ki, bu barədə cümə günü Türkiyənin Milli Müdafiə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, helikopterlər cari ilin dekabrında istifadəyə verilməsi planlaşdırılan “Anadolu”nun göyərtəsində döyüş növbətçiliyində olacaq.

2016-cı il aprelin 17-dən İstanbul müdafiə gəmiqayırma zavodunda Türkiyə Hərbi Dəniz Qüvvələrinin flaqman gəmisinin tikintisi davam etdirilir və sınaqlar son mərhələdədir.

Milli Müdafiə Nazirliyinin bugünkü məlumatına görə, "AH-1W Super Cobra" və "SH-70 Sea Hawk" helikopterləri uğurla eniş edib və gəminin göyərtəsindən havaya qalxıb.

TCG Anadolu gəmisinin uzunluğu 231 metr, eni isə 32 metrdir. Tam təchiz edildikdə, onun çəkisi 27 436 ton olacaq.