BAKI,TurkicWorld, Orxan Qədirzadə
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin ilk ortaq mədəni istehsalı olan “Suların Mirası” sənədli filmi 2026-cı ilin noyabrında Antalyada keçiriləcək COP31 İqlim Zirvəsində dünya ictimaiyyətinə təqdim olunacaq.
TurkicWorld xəbər verir ki, Türkiyə, Özbəkistan və Azərbaycan Sovet İttifaqının dağılmasından otuz beş il sonra ilk dəfə vahid bir mədəni layihənin ortaq istehsalçısı olaraq Aral dənizinin yox olması və Xəzər dənizinin geri çəkilməsi mövzusunu əhatə edən “Suların Mirası” adlı sənədli filmi həyata keçirir.
Üç ölkənin birgə istehsalı olan tammetrajlı sənədli film 2026-cı ilin noyabrında Antalyada keçiriləcək Birləşmiş Millətlər Təşkilatının 31-ci Tərəflər Konfransında (COP31) dünya ictimaiyyətinə təqdim ediləcək. Bu vaxta qədər Türkiyə, Özbəkistan və Azərbaycan iqtisadi razılaşmalar, enerji boru kəmərləri və hərbi təlimlər çərçivəsində bir araya gəlmişdi. Kino vasitəsilə ortaq hekayənin danışılması isə üç paytaxt arasında ilk dəfə gündəmə gəlir.
Sənədli filmin prodüseri və rejissoru professor N. Selin Şenocak layihənin başlanğıc nöqtəsini iki hövzənin ortaq yaddaşı kimi xarakterizə edib. Şenocak bildirib ki, Xəzər və Aral bu üç ölkə üçün sadəcə coğrafi qonşuluq deyil, eyni sivilizasiyanın, eyni dilin və eyni karvan yollarının paylaşdığı tarixi mirasdır.
Aral dənizinin quruması XX əsrin ən ağır ekoloji fəlakətlərindən biri hesab olunur. Bir zamanlar dünyanın dördüncü ən böyük daxili dənizi olan Aral, Sovet dövründə pambıq istehsalını artırmaq məqsədilə Amudərya və Sırdərya çaylarının məcrasının dəyişdirilməsi nəticəsində yarım əsr ərzində böyük ölçüdə yoxa çıxıb. Keçmiş dəniz dibindən qalxan duz və pestisid fırtınalarının bu gün beş ölkəyə təsir etdiyi, Qaraqalpaqstan bölgəsində uşaq ölüm səviyyəsinin Orta Asiya ortalamasından xeyli yüksək olduğu bildirilir.
Bir zamanlar mühüm balıqçılıq şəhəri olan Muynakda bu gün dəniz mənzərəsini paslanmış gəmi qalıqları və duz səhrası əvəz edib.
“Muynakın ilk görüntülərini gördüyüm zaman orada itən şeyin təkcə bir dəniz olmadığını, bir sivilizasiyanın yaddaşı olduğunu anladım. Bir balıqçı şəhərinin pəncərələrindən artıq duz səhrası görünür. Bu mənzərə qarşısında susmaq, cinayətə ortaq olmaq deməkdir.” - o, deyib.
Şenocak sözlərinə belə davam edib:
“Aralı itirdik. Xəzəri itirmək kimi bir lüksümüz yoxdur. Bu film gecikmiş bir ağı deyil; vaxtında verilmiş bir xəbərdarlıqdır. Kino bəzən elə təsir yaradır ki, elmi hesabatların edə bilmədiyini edir: insanı sarsıdır və hərəkətə keçirir.”
Xəzərdə geri çəkilmə qlobal enerji balansına təsir edir
Alimlərin qiymətləndirməsinə görə, hazırkı geri çəkilmə tempi davam edərsə, Xəzər dənizi bu əsrin sonuna qədər sahəsinin üçdə birini itirə bilər. Bu isə yalnız təbii proses deyil, həm də qlobal enerji sisteminə birbaşa təsir göstərəcək ssenari kimi qiymətləndirilir.
Avropanın Rusiyadan enerji asılılığını azaltmaq məqsədilə planlaşdırdığı Transxəzər enerji dəhlizi, Türkiyəni təbii qaz paylama mərkəzinə çevirməyi hədəfləyən Orta Dəhliz strategiyası və Bakı–Tbilisi–Ceyhan xətti daxil olmaqla bütün regional boru kəmərləri Xəzərin hidroloji tarazlığından asılıdır. Xəzərin dibində baş verəcək dəyişikliklərin beş sahilyanı ölkə arasında sərhədlərin, balıqçılıq zonalarının və dənizaltı resurs hüquqlarının yenidən müzakirəyə çıxarılmasına səbəb ola biləcəyi qeyd olunur.
Sənədli filmin özbək rejissoru Şuhrat Barlas layihənin türk xalqlarının ortaq tarixinə yeni mədəni ölçü qazandırdığını vurğulayıb. O bildirib:
“Türk xalqları əsrlər boyu eyni sudan içib, eyni karvanları yola salıb. Bu gün isə eyni böhranı yaşayırıq. Lakin bu böhranı ilk dəfə eyni dildə danışırıq.”
Aral fəlakətinin indiyədək Özbəkistanda milli faciə kimi, Xəzərin geri çəkilməsinin isə Azərbaycanda yalnız öz dənizinin problemi kimi qəbul edildiyi, Türkiyənin isə bu prosesləri daha çox uzaqdan izlədiyi qeyd olunub. “Suların Mirası” sənədli filminin əsas yeniliyi bu üç fərqli yanaşmanı vahid səsdə birləşdirməsidir.
COP29-dan COP31-ə uzanan iqlim diplomatiyası xətti
Bu üç ölkənin bu layihədə bir araya gəlməsinin təsadüfi olmadığı bildirilir. Azərbaycan 2024-cü ildə Bakıda keçirilən COP29 ilə iqlim diplomatiyasında regional aktor kimi önə çıxıb. Türkiyə isə 2026-cı ildə COP31-ə ev sahibliyi edərək bu prosesi davam etdirir. Aral fəlakətini birbaşa yaşamış Özbəkistan isə mövzu üzrə ən güclü şahidlik təqdim edən ölkədir. Bu üçlük əməkdaşlığın türk dünyasının iqlim məsələlərində səsini ən yüksək səviyyədə ifadə edə biləcək bir format olduğu vurğulanır.
Türk Dövlətləri Təşkilatı bu günə qədər əsasən rəsmi sammitlər, iqtisadi protokollar və hərbi razılaşmalarla gündəmə gəlirdi. Üç paytaxtın ilk dəfə bir sənədli film layihəsində birgə imza atması təşkilatın mülki və mədəni ölçüsünün ilk konkret nəticəsi kimi qiymətləndirilir.
“Bir filmdən daha artıq”
Şenocak bildirib ki, “Suların Mirası” ekranlara çıxdıqdan sonra yalnız bir film kimi deyil, üç müstəqil türk dövlətinin sərhədləri aşaraq ortaq vicdan dilində birləşə bildiyinin sübutu kimi xatırlanacaq. O qeyd edib ki, layihənin gələcək üçün model və istinad nöqtəsi olması hədəflənir.
“Bizdən əvvəlki nəsillər türk dünyasını siyasət və diplomatiya dili ilə birləşdirməyə çalışdı. Biz bunu sənətin dili ilə edəcəyik. Çünki sənət sərhədləri siyasətdən daha tez aşır və yaddaşlara ən dərin şəkildə yazılır.”- deyə Şenocak bildirib.







