Türkiyənin Ankara şəhərində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir baş tutub

Türkiyənin Ankara şəhərində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir baş tutub

Bakı. TurkicWorld:

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi və Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə Ankarada Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir baş tutub.

Bu barədə TurkicWorld-a Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyindən bildiriblər.

Azərbaycan və Türkiyədən dövlət və ictimai xadimlərin, millət vəkillərinin, ziyalıların və ictimaiyyət nümayəndələrin iştirak etdiyi tədbir 1 dəqiqəlik sükut və iki ölkənin milli himnlərinin ardından Ulu Öndərin mənalı həyat yoluna həsr olunmuş qısa film ilə başlayıb.

Açılış çıxışı edərək qonaqları salamlayan səfir Rəşad Məmmədovun ardınca Ankara Universitetinin rektoru Nəcdət Ünüvar, Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupunun rəhbəri, millət vəkili Əhliman Əmiraslanov, Türkiyə Prezidentinin Baş müşaviri İlnur Çevik çıxış edərək Ulu Öndərlə bağlı xatirələrini bölüşüb, Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qurulması və gücləndirilməsində tarixi xidmətlərindən danışıblar.

Qeyd olunub ki, yenicə müstəqilliyini bərpa etmiş, daxili və xarici düşmənlərin təhdidləri ilə qarşı qarşıya qalmış Azərbaycan, məhz Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində bu təhlükələrdən sovuşaraq möhkəmlənmiş, nəhəng regional layihələrə imza atılaraq Azərbaycanın mövcud uğurlu inkişafının əsası qoyulmuşdur.

Türkiyə mədəniyyət və turizm nazirinin müavini Özgül Özkan Yavuz çıxış edərək Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarının Azərbaycan - Türkiyə münasibətlərinin təməlində durduğunu vurğulayıb, bu münasibətlərin bundan sonra da yüksələn tempdə inkişaf edəcəyinə əminliyini ifadə edib.

Rəsmi hissənin ardından baş tutan konsertdə Azərbaycanın xalq artisti Azərin Ümummilli lider Heydər Əliyevin sevdiyi mahnıları səsləndirib.