Son dəqiqə

Respublika Kliniki Xəstəxanası

Şəhid anası ona göstərilən diqqətə görə Respublika Kliniki Xəstəxanasının rəhbərliyinə təşəkkür edib

Bakı, TurkicWorld:

Şəhid anası, Lerik rayon sakini, 1953-cü il təvəllüdlü İbadova Elmira Miri ona göstərilən diqqət və qayğıya görə Respublika Kliniki Xəstəxanasının rəhbərliyinə, Endokrinologiya şöbəsinin müdiri Aynur Hümbətovaya və həmin şöbənin əməkdaşlarına minnətdarlığını bildirib.

TurkicWorld xəbər verir ki, şəhid anası TƏBİB-in tabeliyində olan M.Ə. Mirqasımov adına Respublika Kliniki Xəstəxanasına uzun müddətdir ki, əziyyət çəkdiyi kəskin tənəffüs yetməzliyi, aşağı ətraflarda ödem, sidik ifrazının olmaması kimi şikayətlərlə vəziyyəti ağır olaraq müraciət edib.

Məlumata əsasən, xəstəxananın Endokrinologiya şöbəsinin müdiri Aynur Hümbətova Elmira İbadovanı müayinə edərək xəstəyə şəkərli diabetin 2-ci tip ağır forması, ürəyin xroniki işemik xəstəliyi, stend implantasiyasından sonrakı vəziyyət, durğunluq ağciyəri, diabetik nefropatiya, xroniki böyrək çatışmazlığı diaqnozlarını qoyub.

Endokrinologiya şöbəsində 12 gün ərzində aparılan konservativ müalicə üsulu ilə xəstənin səhhətində müsbətə doğru dəyişikliklər qeydə alınıb.

Qeyd edək ki, Elmira İbadovanın oğlu I Qarabağ müharibəsi şəhidi İbadov Sarvan Bayram oğlu 1973-cü ildə Lerik rayonunun Tatonu kəndində anadan olub. 1993-cü ildə Ağdam uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Mövzuya görə xəbərlər