Bakı. TurkicWorld:
"Zabit Səmədov” idman klubunun tərkibində fəalliyyət göstərən "New generation fighters" tərəfindən Ümumilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş döyüş, mayın 13-də baş tutacaq.
Bu sözləri TurkicWorld-a özəl açıqlamasında Azərbaycanın professional kikboksçusu Zabit Səmədov deyib.
"Professional döyüşçülər yetişdirmək üçün "Yeni nəsil döyüşçü" (New generation fighters) adlı təşkilat yaratmışam. Bu təşkilat "Zabit Səmədov idman klubu" nəzdində fəaliyyət göstərir. Fikirləşdim ki, Azərbaycan döyüş sənətinin belə bir yenilikçi, beynəlxalq təşkilata ehtiyacı var. Döyüşlər təkcə Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda da baş tutacaq. Hətta Türkiyə və Özbəkistandan birlikdə yarışlar təşkil etmək üçün təkliflər də almışıq", - deyə idmançımız bildirib.
Zabit Səmədov təşkilatın xüsusiyyətlərindən danışarkən qeyd edib ki, bu təşkilat Azərbaycan yeniyetmələrini dünyada tanıtmaq, onları beynəlxalq arenalara çıxartmaq və dünya döyüşçülərinin bizi tanıması üçün nəzərdə tutulub.
"New generation fighters" təşkilatı tərəfindən 24 Dekabrda Cənab Prezidentimiz İlham Əliyevin doğum gününə həsr edilən birinci döyüşümüz baş tutub. May ayının 13-də isə Ümumilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ikinci döyüşümüz baş tutacaq",- deyə o vurğulayıb.

