Millət vəkili Fazil Mustafaya qarşı terror işində yeni detallar ortaya çıxıb

Millət vəkili Fazil Mustafaya qarşı terror işində yeni detallar ortaya çıxıb

Bakı. TurkicWorld:

Millət vəkili Fazil Mustafaya qarşı terror işində yeni detallar ortaya çıxıb.

TurkicWorld-un məlumatına görə, məlum olub ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılanlar arasında İranda gizlənərək deputat Fazil Mustafaya onu terrorla öldürəcəkləri barədə təhdid ünvanlamış Hüseynov Hüseyn Ramiz oğlunun qardaşı Hüseynov Həsən Ramiz oğlu da var.

Belə ki, Həsən Hüseynov Tural Məmmədova İran xüsusi xidmət orqanlarının tapşırıqlarının icrası müqabilində pul vəsaitlərinin göndərilməsini təşkil edib (Tural Məmmədov xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycanda güdmə, tapşırılan ünvanların gizlin videoçəkilişlərini apardığına görə, hava məkanında obyektlərin hərəkət trayektoriyası müşahidə edən İrandan göndərilmiş xüsusi qurğu ilə həbs edilib).

Məlum olub ki, Həsən Hüseynov terrorçuluğa cəhd və dövlətə xəyanət əməllərinə görə İranda gizlənən İsgəndər Hüseynovun qardaşı oğludur.

Qeyd edək ki, 28 mart 2023-cü il tarixdə saat 21:51-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında "Kalaşnikov" konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.

Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.