Xankəndi-Laçın yolundakı aksiyada canlanma müşahidə olunur

Xankəndi-Laçın yolundakı aksiyada canlanma müşahidə olunur

Şuşa. TurkicWorld:

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasında canlanma müşahidə olunub.

TurkicWorld-un Şuşaya ezam olunan müxbiri xəbər verir ki, toplanış yerində etirazçıların tələbləri dəyişməz olaraq qalır.

Hazırda ekofəallar və gənc könüllülər Laçın-Xankəndi yolunun Şuşa şəhər ərazisindən keçən hissəsində "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!", "Azərbaycan vahiddir, sərvətinə sahibdir!", "Ekoloji cinayətə son!", "Stop ekoterror!" şüarlarını səsləndirirlər.

Aksiya iştirakçıları bildirib ki, Laçın-Xankəndi yolunun aksiya keçirilən ərazidə hərəkətə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam olaraq açıqdır.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda etiraz aksiyası keçirilir. Aksiya ötən ilin dekabrın 12-dən etibarən başlayıb və 78 gündür davam etdirilir.