Bakı. TurkicWorld:
Öz suveren torpağında yeganə qərar qəbul edən ölkə olan Azərbaycan uzun müddətdir ki, yüklərin çatdırılması üçün Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının eyni vaxtda istifadəsi təklifini irəli sürüb və təcrübəçi tərəfdaşlarla danışıqlarda bu təklifin həyata keçirilməsinə razılıq verib.
TurkicWorld xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə "X" (Tvitter) hesabında bildirib.
"Lakin təəssüflər olsun ki, əldə olunan razılaşmalara baxmayaraq, Ermənistan və onun Qarabağ bölgəsində yaratdığı marionet rejim əvvəldən bunun həyata keçirilməsinə mane oldu və vəziyyətin humanitar deyil, siyasi xarakter daşıdığını bir daha sübut etdi.
Daha əvvəl qeyd edildiyi kimi, Azərbaycan Laçın sərhəd-keçid məntəqəsində gömrük və sərhəd prosedurlarına riayət olunmaqla, Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının paralel istifadəsini təmin etməyə hazırdır", - deyə o əlavə edib.
Qeyd edək ki, Qarabağa yüklərin çatdırılması üçün Laçın yolu ilə yanaşı, Ağdam-Xankəndi yolundan da istifadə edilməsi barədə razılıq əldə olunub.
Beynəlxalq Qızıl Xaç Komitəsinin Xankəndi ofisi və Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin komandanlığı arasında yüklərin Laçın yolu ilə yanaşı, Ağdam-Xankəndi yolu vasitəsilə də çatdırılması razılaşdırılıb.
Yüklər Beynəlxalq Qızıl Xaç Komitəsinin maşınları ilə daşınacaq. Beləliklə, BQXK bu gün həm Laçın-Xankəndi, həm də Ağdam-Xankəndi yollarından istifadə etməklə Qarabağda yaşayan erməniəsilli sakinlərə yük daşıyacaq.
Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus yük maşınları Ağdam-Xankəndi yolu ilə paralel, "Laçın" sərhəd-buraxılış məntəqəsindən maneəsiz keçib. "Laçın" sərhəd-buraxılış məntəqəsindən keçən yük maşınlarında yoxlama aparıldıqdan sonra onların sərbəst keçidi təmin edilib.