Bakı. TurkicWorld:
Rusiyanın siyasi dairələrində Ağdam-Xankəndi marşrutuna alternativ görmürlər və hesab edirlər ki, nəticədə bu yol açılacaq.
TurkicWorld-in məlumatına görə, Rusiya hakimiyyətindəki mənbələrinə istinad edən rus mediası yazır ki, Moskvada vəziyyət çox mürəkkəb olaraq qiymətləndirilir və Bakının güzəştə meyilli olmadığı düşünülür.
"Vəziyyəti müəyyən qədər sakitləşdirmək istiqamətində bizim, Qərbin və beynəlxalq təşkilatların göstərdiyi bütün cəhdlər nəticə vermir. Bakı geriyə çəkilmir", - mənbədən bildiriblər.
Mənbənin sözlərinə görə, bundan əvvəl tərəflər Ağdamdan marşrutun açılması barədə razılığa yaxınlaşıblar, lakin Qarabağdakı separatçılar Bakı üçün qeyri-məqbul şərtlər irəli sürməyə başlayıblar, daha sonra Vaqif Xaçatryan sərhədi qanunsuz keçməyə cəhd edib və bununla əlaqədar olaraq irəliləyiş əldə edilməyib.
Xatırladaq ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata zidd olaraq Azərbaycan ərazisində Ermənistandan erməni hərbi birləşmələri üçün canlı qüvvə, hərbi sursat, mina, habelə hərbi təyinatlı digər vasitələrin qanunsuz daşınmasının qarşısını almaq və aprelin 22-də Ermənistan tərəfindən Azərbaycanla sərhəddə Laçın-Xankəndi yolunun girişində birtərəfli qaydada sərhəd buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Azərbaycanın suveren ərazisində Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd buraxılış məntəqəsi təyin edilib.
Azərbaycan tərəfindən erməni sakinlərin, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) və Rusiya sülhməramlı kontingentinin sərhəd buraxılış məntəqəsindən keçidinin təmin olunmasına baxmayaraq, Ermənistan tərəfi ərazilərimizdə qeyri-qanuni fəaliyyətini davam etdirmək məqsədilə, bölgədə saxta "gərgin humanitar vəziyyət" barədə iddialar yayıb. Eyni zamanda, 15 iyun tarixində sərhədçilərimizin atəşə tutulması, qaçaqmalçılığa cəhd edilməsi, yük avtomobillərinin 26 iyul tarixində Azərbaycan ərazilərinə icazəsiz göndərilməsi kimi təxribatlar törədib.
Azərbaycan tərəfindən erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolundan və digər alternativ yollardan istifadə daxil olmaqla, bir sıra təkliflər irəli sürülməsinə və onların Avropa İttifaqı, BQXK tərəfindən dəstəklənməsinə baxmayaraq, erməni tərəfinin bu təkliflərə qarşı çıxması, alternativ yollara beton maneələr düzməklə əraziyə girişi bloklaması "humanitar vəziyyət" barədə iddialarının siyasi şantajdan başqa bir şey olmadığını göstərib.
(Tərcümə: Rəna Əbdürəhmanova)