Bakı. TurkicWorld:
Azərbaycanlı politoloq BBC-də Laçın-Xankəndi yolundakı vəziyyətdən danışıb.
TurkicWorld çərşənbə günü xəbər verir ki, azərbaycanlı politoloq Orxan Amaşov Qarabağdakı vəziyyətə ekspert hüquqi qiymətləndirməsi verməsi həvalə olunmuş vəkil Rodni Diksonla birgə efirdə Azərbaycanın mövqeyini müdafiə edib.
Aparıcı Kristian Freyzerin Azərbaycanın Qarabağ İqtisadi Rayonunda yaşayan erməni əhalinin qondarma "blokada"sı barədə təxribatçı suallarını cavablandıran Amaşov Laçın-Xankəndi yolunun bağlı olduğuna dair iddiaları təkzib edib.
"Qarabağdakı separatçı rejim bu "humanitar məsələ"ni siyasiləşdirir, çünki əslində Laçın-Xankəndi yolu hazırda tibbi yardıma ehtiyacı olanların daşınması və dərman vasitələrinin çatdırılması məqsədilə açıqdır. Biz anlamalıyıq ki, nə üçün Laçın-Xankəndi yolu irihəcmli humanitar yüklərin çatdırılması üçün uyğun deyil. Təhlükəsizlik üçün böyük risk var. Misal üçün, iyunun 15-də Azərbaycanın yolda quraşdırdığı sərhəd məntəqəsində atışma olub, iyulun sonunda isə ermənilər Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) avtomobillərindən icazə verilməyən malların qaçaqmalçılığı üçün istifadə etməyə cəhd göstərib", - deyə o aydınlıq gətirib.
Amaşov həm Laçın-Xankəndi yolunun, həm də indiyədək bağlı olan Ağdam-Xankəndi yolunun istifadəsinə dair razılaşma əldə olunduğunu qeyd edib.
"Azərbaycan dəfələrlə Ağdam-Xankəndi yolundan alternativ marşrut kimi istifadəni təklif edib. Artıq bir neçə gündür ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri 40 ton un məmulatlarının Qarabağın erməni sakinlərinə çatdıırlmasına icazə üçün Ağdam-Xankəndi yolunda gözləyirlər", - deyə politoloq vurğulayıb.
Onun sözlərinə görə, erməni tərəfinin "aclıq" və "humanitar faciə" barədə iddiaları həqiqətə uyğun deyil, belə ki, sosial şəbəkələrdə yayılan kadrlardan göründüyü qədərilə Xankəndinin erməni əhalisi həyatdan tam zövq alır.
(Tərcümə: Rəna Əbdürəhmanova)