Qərbi Azərbaycan İcması Ana harayı abidəsini ziyarət edib

Qərbi Azərbaycan İcması Ana harayı abidəsini ziyarət edib

Bakı. TurkicWorld:

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və İcma üzvləri Xocalı soyqırımının ildönümü ilə əlaqədar Ana Harayı abidəsini ziyarət ediblər.

TurkicWorld xəbər verir ki, İcmanın rəhbər heyəti və üzvlər abidənin qarşısına güllər düzərək Ermənistan tərəfindən törədilmiş bu dəhşətli soyqırımında həyatını itirənlərin xatirələrini dərin ehtiramla yad edib, ruhlarına dualar oxuyublar.

Qeyd edək ki, Xocalı soyqırımından 31 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirildi, 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.