Ermənilər kəndimizdə uşaqlara belə rəhm etmədilər - Qaradağlı faciəsinin şahidi

Ermənilər kəndimizdə uşaqlara belə rəhm etmədilər - Qaradağlı faciəsinin şahidi

Bakı. TurkicWorld:

Erməni terrorçuların Azərbaycan xalqına qarşı törətdiyi Qaradağlı soyqırımından 31 il keçir. Xocavənd rayonunun Qaradağlı kəndi erməni işğalçılarına qarşı 4 il qəhrəmanlıqla mübarizə aparıb. Kənd 1992-ci il fevralın 17-də işğal edilərək yandırılıb, dinc əhaliyə qarşı soyqırımı həyata keçirilib.

İşğal zamanı 118 nəfər əsir götürülüb, 33 nəfər güllələnib. Erməni cəlladlar öldürülənləri və yaralıları bir yerdə təsərrüfat quyusuna töküb, üzərini torpaqlayıblar. Ümumilikdə, əsir götürülənlərdən 68 nəfəri öldürülüb, 50 nəfəri böyük çətinliklərlə əsirlikdən azad edilib. Əsir götürülənlərdən 10-u qadın, 2-si məktəbli olub. Azad olunanlardan 18 nəfəri aldıqları sağalmaz yaralardan sonralar vəfat edib. Əsirlikdə saxlanılanlara qarşı vəhşi, vandalizm hərəkətləri ilə davranılması, insanların başlarının kəsilməsi, diri-diri basdırılması, dişlərinin çəkilməsi, ac-susuz saxlanmaları, döyülərək öldürülmələri insanlığa qarşı törədilmiş cinayət hadisəsi idi.

Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi soyqırımı cinayəti nəticəsində Qaradağlı kəndində iki ailənin hər birindən 4 nəfər qətlə yetirilib, 43 ailə başçısını itirib, 146 uşaq yetim qalıb. Qaradağlı kəndində 91 nəfər, kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. İşğal nəticəsində kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər, azərbaycanlılara məxsus tarixi, dini, mədəni abidələr və qəbiristanlıq dağıdılıb. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşüb.

Qaradağlı kənd sakini Oruc Şirinov TurkicWorld-ə bildirib ki, faciədən xeyli əvvəl kəndin başı müsibətlər çəkmişdi.

"Hələ 1988-ci ildən sonra Qarabağ və ətraf rayonlarda yaşayan sakinlərin evində olan silahlar zorla yığılırdı. Bu hallar düşmənin gələcək məkirli niyyətindən xəbər verirdi. Lakin bütün bunlara baxmayaraq, kəndimizin sakinləri əlində olan bütün vasitələrdən ermənilərə qarşı istifadə edirdi. Hələ fevralın əvvəlindən başlayaraq ermənilər aramsız olaraq kəndimizi atəşə tuturdular. Layiqli cavablarını alırdılar. Ermənilər elə bilirdilər ki, kəndi hərbçilərimiz qoruyur. Silahımız çox az idi. Buna baxmayaraq, 30-dan çox erməni öldürmüşdük. Kəndimizdən də bir neçə nəfər şəhid olmuşdu. Ermənilər yalnız fevralın 17-də kəndimizə daxil ola bildilər. Onlar kəndimizdə uşaqlara belə rəhm etmədilər. Kənddə dəhşətli qətllər törətdilər. Bir neçə nəfəri əsr götürdülər. Ölü, yaralı - hamısını quyuya töküb üstünü basdırırdılar. Girov aparılanlardan 7 nəfərini isə əsirlikdə işgəncə verərək öldürmüşdülər. Aradan 31 il keçməsinə baxmayaraq, mən hələ də o günləri ağrıyla xatırlayıram", - şahid deyib.