Bakı,TurkicWorld
Azərbaycanın qadın yığması 24–29 oktyabr tarixlərində İraqın Süleymaniyə şəhərində 19 ölkədən 120 idmançının iştirakı ilə keçirilən kamandan oxatma üzrə Asiya Kubokunun ikinci mərhələsində qızıl medal qazanıb.
Komanda yarışlarında ölkəmizi təmsil edən Yaylagül Ramazanova, Fatimə Hüseynli və Lalə Əbdürəhmanova final görüşündə Qazaxıstan yığmasına 5:4 hesabı ilə qalib gələrək qızıl medal qazanıblar.
Azərbaycan yığması qarışıq komanda yarışlarında da uğurlu nəticə göstərib. İdmançılarımız Yaylagül Ramazanova və Məhəmmədəli Əliyev finalda İran yığması ilə qarşılaşaraq ikinci yeri tutublar. Beləliklə, yığmamızın aktivində artıq iki medal - bir qızıl və bir gümüş medal var.
Qeyd edək ki, turnir Ümumdünya Kamandan Oxatma Federasiyasının (World Archery) rəsmi təqviminə daxil olan Dünya reytinq turniri (World Ranking Tournament) statusuna malikdir. Bu yarış idmançılara dünya reytinqində xal toplamaq, beynəlxalq mövqelərini möhkəmləndirmək və Olimpiya Oyunlarının təsnifat mərhələləri də daxil olmaqla, qarşıdakı mühüm beynəlxalq yarışlara hazırlıq baxımından dəyərli təcrübə qazanmaq imkanı yaradır.






