Bakı. TurkicWorld:
"Elektron ticarət haqqında" qanuna təklif olunan dəyişikliklər çərçivəsində mobil telefonların ödəniş terminalına bərabər tutulması kiçik və orta sahibkarları terminalın alınması, qoşulması və xidmət göstərilməsi ilə bağlı xərclərdən azad edə bilər. Bununla yanaşı, nağdsız ödənişlər üzrə bank tariflərinin azaldılması və texnoloji neytrallıq prinsipinin kibertəhlükəsizlik tələbləri nəzərə alınmaqla tətbiqi vacibdir.
TurkicWorld-un iclasda iştirak edən müxbirinin xəbərinə görə, bunu çərşənbə axşamı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Tahir Mirkişili komitənin iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, elektron ticarətin inkişafı baxımından qanuna təklif olunan dəyişikliklər uzun müddətdir gözlənilirdi. Onun sözlərinə görə, mobil cihazların ödəniş terminallarına bərabər tutulması kiçik və orta sahibkarlar üçün mühüm dəstəkdir.
T.Mirkişili qeyd edib ki, hazırda kiçik sahibkar ticarət fəaliyyətinə başlamaq üçün təxminən 450-650 manat dəyərində ödəniş terminalı almalı, daha sonra onun banka qoşulması üçün təxminən 15 manat ödəməlidir. Bundan əlavə, terminala xidmət göstərilməsi üçün hər ay 20 manat xərc çəkilir.
"Mobil telefonda proqram vasitəsilə ödənişin qəbul olunması kiçik və orta sahibkarlığı tamamilə bu xərclərdən azad edir", – deyə deputat bildirib. O əlavə edib ki, bu imkan kiçik və orta sahibkarlar üçün həm maraqlı, həm də zəruri dəstəkdir.
Deputat elektron ticarət zamanı məlumatların təsdiqlənməsi qaydasına da diqqət çəkib. O bildirib ki, hazırkı qanunvericilikdə məlumatların yazılı formada təsdiqlənməsi nəzərdə tutulur. Lakin bu tələb elektron ticarətin mahiyyətinə uyğun deyil.
"Yazılı formada təsdiqlənmə elektron ticarətin fəlsəfəsinə ziddir. Ona görə bunun aradan qaldırılması çox vacib məsələdir", – deyə T.Mirkişili vurğulayıb.
Bununla yanaşı, deputat qanun layihəsinin texniki müddəaları ilə bağlı iki məsələni diqqətə çatdırıb. O qeyd edib ki, İqtisadiyyat Nazirliyi qanun layihəsi üzərində işləyib və səsləndirdiyi suallar əsasən texniki xarakter daşıyır. Zərurət yaranarsa, həmin məsələlərin qanun layihəsinin ikinci oxunuşuna qədər müzakirə edilərək dəyişdirilməsi mümkündür.
İlk məsələ ödəniş terminalı anlayışında mobil cihazın tərifi ilə bağlıdır. T.Mirkişili bildirib ki, layihədə mobil cihaz telekommunikasiya şəbəkəsi operatorunun ümumi istifadədə olan şəbəkəsinə qoşulmuş aparat kimi müəyyən edilir.
Lakin onun sözlərinə görə, mobil telefonu mobil operatorun şəbəkəsindən ayıraraq Wi-Fi şəbəkəsinə qoşmaq və bu vasitə ilə elektron ticarət əməliyyatları aparmaq mümkündür. Buna görə də mobil cihazın mütləq mobil operatorun şəbəkəsinə qoşulması şərtinə yenidən baxılmalıdır.
Deputat qeyd edib ki, texnologiyalar sürətlə inkişaf edir və gələcəkdə mobil operatorların hazırkı rolunda dəyişikliklər baş verə bilər. O, nümunə olaraq Starlink texnologiyasının telefonların birbaşa kosmos vasitəsilə əlaqə qurmasına imkan yaratmasını göstərib.
"Mobil operatora vurğu edilməsindənsə, internetə qoşulmanın əsas götürülməsi daha doğru olardı", – deyə T.Mirkişili bildirib.
Onun qaldırdığı ikinci məsələ texnoloji neytrallıq prinsipi ilə bağlıdır. Deputat qeyd edib ki, bu müddəa qanun layihəsinə tamamilə yeni yanaşma gətirir və onun bildiyinə görə, Azərbaycan qanunvericiliyində ilk dəfə belə bir prinsip təsbit olunur. O, bunu müsbət məqam kimi qiymətləndirsə də, prinsipin həddindən artıq geniş və məhdudiyyətsiz tətbiqinin mümkün risklərinə diqqət çəkib.
T.Mirkişili bildirib ki, layihədə hər hansı məhdudiyyətin qoyulmaması və müxtəlif texnoloji həllərin bərabər qəbul edilməsi nəzərdə tutulur. Lakin bütün texnoloji həllər kibertəhlükəsizlik tələblərinə cavab verməyə bilər. Bəzi sistemlər saxta ola, istifadəçiləri aldada, casus proqramlar ehtiva edə və ya başqa ölkələrin maraqlarına xidmət edə bilər.
Bu səbəbdən deputat texnoloji neytrallıq prinsipinin tətbiqi zamanı müəyyən şərtlərin nəzərə alınmasını təklif edib.
"Texnologiyalara məhdudiyyət qoyulmaması yanaşması müsbətdir, amma tələblərə cavab verən texnologiyalar üzrə məhdudiyyətin qoyulmaması daha doğru olardı", – deyə o bildirib.
Çıxışının sonunda T.Mirkişili qanun layihəsini dəstəklədiyini bildirib və həmkarı Vüqarın səsləndirdiyi fikirlə razılaşdığını qeyd edib. O vurğulayıb ki, dövlətin nağdsızlaşma siyasəti düzgün istiqamətdədir və bu siyasət dəstəklənir. Bununla belə, sahibkarların nağdsız ödənişlər zamanı banklara ödədikləri tariflər vergi yükü ilə müqayisədə yüksək olmamalıdır.
Deputatın sözlərinə görə, dövlət vergi siyasətində güzəştli və liberal yanaşma tətbiq etdiyi halda, sahibkarların ödəniş terminalları vasitəsilə əldə etdikləri vəsaitləri bankdan çıxararkən yüksək faizlər ödəməsi əlavə maliyyə yükü yaradır.
T.Mirkişili qeyd edib ki, bəzi hallarda bank komissiyaları sahibkarların ödədikləri vergi məbləği ilə müqayisə edilə biləcək səviyyəyə çatır. Bu isə sahibkarların bütün çəkilən əməyə və qanunvericilikdə görülən tədbirlərə baxmayaraq, nağdsız ödənişlər əvəzinə nağd hesablaşmalara üstünlük verməsinə səbəb ola bilər.
"Nağdsızlaşma istiqamətində dövlətin siyasətini dəstəkləyirik. Amma sahibkarın nağdsız ödənişlərə görə banklara ödədiyi tariflərin həcmi vergi qədər olmamalıdır, daha az olmalıdır", – deyə deputat bildirib.
O, bu məsələnin qanunvericilik dəyişiklikləri müzakirə edilərkən nəzərə alınmasını xahiş edib.







