Bakı,TurkicWorld
Media və Yayım Şurası ictimai-siyasi və idman məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektlərinə maliyyə dəstəyinin göstərilməsi məqsədilə müsabiqə elan edib. Müsabiqənin qaliblərinə altı ay müddətində aylıq 5 000 manat vəsait ayrılacaq.
Bu barədə Media və Yayım Şurasının məlumatında bildirilib.
Müsabiqədə iştirak etmək üçün onlayn media subyektləri Media Reyestrinə daxil edilməli, ən azı bir məsul redaktor və üç jurnalistdən ibarət dörd nəfərlik heyətə malik olmalıdır. Bundan başqa, redaksiyanın işçilərin fəaliyyətini təmin edən ofis sahəsi, kompüter və zəruri ofis ləvazimatları ilə təchiz edilmiş iş şəraiti olmalıdır.
Müsabiqəyə müraciət edən media subyektinin saytının mənbə kodunda "Metrix" veb-təhlil alətinin skripti yerləşdirilməli, son iki il ərzində hər ay davamlı fəaliyyət meyarına cavab verməlidir. Həmçinin qiymətləndirmə aparılması üçün saytın "Google Analytics" hesabındakı məlumatlara baxış imkanının verilməsinə dair yazılı icazə təqdim olunmalıdır.
Müraciətlər elektron formada "mib.media.gov.az" portalı vasitəsilə qəbul edilir. İştirak üçün ərizə, hüquqi şəxs olduqda nizamnamə, aktiv bank hesabının rekvizitlərini təsdiq edən sənəd, əmək müqavilələrinə dair məlumatlar və ofis sahəsindən istifadəyə dair sənəd təqdim edilməlidir.
Müsabiqə iştirakçılarının qiymətləndirilməsi bir neçə göstərici əsasında aparılacaq. Belə ki, ekspertlər saytın qiymətləndirmə dövründə ən çox baxış toplayan altı məqaləsini orijinallıq, informativlik, analitik xarakter, jurnalistikanın prinsiplərinə uyğunluq, dil və üslub keyfiyyəti, eləcə də saxta xəbər, plagiat və köçürülmüş materialların olmaması baxımından qiymətləndirəcəklər.
Bununla yanaşı, saytın texniki göstəriciləri, o cümlədən dizaynı, istifadəçi təcrübəsi, naviqasiya imkanları, informasiya təhlükəsizliyi, yüklənmə sürəti və mobil cihazlara uyğunluğu da nəzərə alınacaq. Qiymətləndirmədə veb-saytın səhifə baxışları və "X", "Instagram", "TikTok", "Facebook", "Telegram" və "YouTube" platformalarındakı hesabların göstəriciləri də rol oynayacaq. Süni şəkildə artırılmış baxış və izləyici sayları nəzərə alınmayacaq.
Yekun balın 50 faizi ekspert qiymətləndirməsinin, 25 faizi saytın səhifə baxışlarının, digər 25 faizi isə sosial şəbəkə göstəricilərinin payına düşür. Ekspert qiymətləndirməsi üzrə 50 baldan az toplayan media subyektləri qaliblər müəyyən edilərkən nəzərə alınmayacaq.
Qalib elan olunan hər onlayn media subyekti ilə altı aylıq maliyyə yardımı müqaviləsi bağlanacaq. Bu müddətdə məsul redaktor və üç jurnalistin hər birinin aylıq əməkhaqqı minimum 800 manat olmalıdır. Maliyyə yardımının qalan hissəsi saytın saxlanılmasına, infrastrukturunun gücləndirilməsinə, dil imkanlarının genişləndirilməsinə, informasiya təhlükəsizliyinə və rəqəmsal keyfiyyətinin artırılmasına yönəldilməlidir.
Müsabiqədə iştirak üçün müraciətlərin qəbulu noyabrın 30-u saat 18:00-dək davam edəcək.





