Bakı, TurkicWorld:
Azərbaycan Avropa Birliyinə üzv ölkələr üçün etibarlı enerji ixracatçısı statusu alıb və 27 ilə yaxındır Avropaya neft ixrac edir, bu sözləri TurkicWorld-a özəl açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.
“Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstana işgüzar səfəri çərçivəsində Azərbaycanın Dövlət Neft Şirkəti ilə Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiya şirkətləri arasında əməkdaşlıqla bağlı Anlaşma Memorandumunun imzalanması böyük tarixi hadisədir. Azərbaycan hazırda altı ölkəyə qaz ixrac edir. Lakin Anlaşma Memorandumunun imzalanmasından sonra həmin ölkələr Azərbaycan qazını qəbul etmək üçün lazımi infrastruktura sahib olarsa o zaman Azərbaycan qazının altı ölkədən on ölkəyə çatdırılması üçün imkan yaranacaq. Bu da bütövlükdə Azərbaycanın qaz ixracının coğrafiyasının genişlənməsi və gəlirlərinin artması baxımından mühüm imkanların yaranması deməkdir”, - deyə T.Mirkişili əlavə edib.
Onun sözlərinə görə, hazırda energetika sahəsində ölkəmizlə əməkdaşlıq etməyə can atan bir sıra ölkələr var.
“Azərbaycan Avropa üçün yaşıl enerji ixracatçısı statusunu qazanmağa başlayıb və bu mövzuda iddialıdır. Ona görə də sözügedən istiqamətdə infrastrukturun inkişaf etdirilməsi üçün işlər aparılır. Azərbaycanın 200 qiqavatdan çox yaşıl enerji potensialına sahib olması gələcəkdə yeni anlaşmaların imzalanmasına, Azərbaycanın böyük həcmdə yaşıl enerjisinin Avropa bazarlarına daxil olmasına imkan yaradacaq”, - deyə millət vəkili bildirib.
Qeyd edək ki, aprelin 25-də Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev imzalanma mərasimində iştirak ediblər.