BAKI,TurkicWorld
Azərbaycan Beynəlxalq Telekommunikasiya Peyk Təşkilatının (ITSO) 2026–2028-ci illər üzrə Məşvərət Komitəsinə yenidən üzv seçilib. Qərar ABŞ-nin paytaxtı Vaşinqtonda keçirilən təşkilatın Tərəflər Assambleyasının 42-ci iclasında (AP-42) qəbul olunub.
TurkicWorld xəbər verir ki, sentyabrın 30-dan oktyabrın 2-dək keçirilən Assambleyada ITSO-ya üzv ölkələrin nümayəndələri beynəlxalq peyk rabitəsinin inkişafı, rabitə xidmətlərinin əlçatanlığı, tənzimləmə məsələləri və təşkilatın gələcək fəaliyyət istiqamətlərini müzakirə ediblər.
Assambleyadan əvvəl, sentyabrın 29-da keçirilən “Rabitənin inkişafına təsir edən peyk texnologiyaları – ITSO-nun baxışı” adlı beynəlxalq simpoziumda Azərbaycan da təmsil olunub.
Simpozium çərçivəsində təşkil edilən “Regionların səsi: Milli yanaşmalar” adlı panel müzakirəsində “Azərkosmos” Region C adından çıxış edib.
Müzakirələr zamanı peyk rabitəsinin inkişafında milli prioritetlər, rabitə xidmətlərinin əlçatanlığı və dayanıqlılığı, radiotezlik spektrinin idarə olunması, tənzimləmə sahəsində mövcud çətinliklər və beynəlxalq əməkdaşlıq imkanları nəzərdən keçirilib.
“Azərkosmos”un çıxışında Region C ölkələrinin peyk rabitəsi sahəsində üzləşdiyi texniki və tənzimləyici problemlərə xüsusi diqqət ayrılıb. Bəzi ölkələrdə xarici peyk operatorlarının fəaliyyət göstərməsi üçün tələb olunan mürəkkəb icazə prosedurlarının bazara çıxışı çətinləşdirdiyi vurğulanıb.
Bununla yanaşı, inkişaf etməkdə olan ölkələrin texniki və institusional imkanlarının artırılması, bilik və təcrübə mübadiləsinin genişləndirilməsi, həmçinin beynəlxalq əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsinin vacibliyi qeyd edilib.
Azərbaycanın ITSO-nun Məşvərət Komitəsinə növbəti müddətə seçilməsi ölkənin beynəlxalq peyk rabitəsi sahəsində çoxtərəfli əməkdaşlıq proseslərində iştirakını davam etdirməsinə imkan yaradacaq.
Bu üzvlük Azərbaycanın təşkilat çərçivəsində aparılan müzakirələrdə iştirakını və qərarların hazırlanması prosesinə töhfə vermək imkanlarını genişləndirir.
“Azərkosmos” beynəlxalq platformalarda fəaliyyətini davam etdirərək peyk rabitəsi sahəsində Azərbaycanın maraqlarını təmsil etməyi, qlobal tənzimləmə proseslərində əməkdaşlığı gücləndirməyi və dayanıqlı peyk rabitəsinin inkişafına töhfə verməyi hədəfləyir.







