Son dəqiqə

Türkiyə Özbəkistan Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan ordusu Türkiyə Silahlı Qüvvələri Xüsusi Təyinatlı Qüvvələri Sonsuz qardaşlıq – V

Özbəkistanda Azərbaycan, Türkiyə və Özbəkistan xüsusi təyinatlılarının birgə təlimi keçirilib

BAKI,TurkicWorld

Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının iştirakı ilə Özbəkistanda “Sonsuz qardaşlıq – V” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimdə Azərbaycan hərbi qulluqçuları yüksək döyüş hazırlığı və peşəkarlıq nümayiş etdiriblər.

Regionda təhlükəsizliyin, sabitliyin və hərbi əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə keçirilən təlimdə əsas diqqət qardaş ölkələrin xüsusi təyinatlı bölmələri arasında qarşılıqlı təcrübə mübadiləsinə, birgə əməliyyatların planlaşdırılması və icrası üzrə uyğunluğun artırılmasına yönəldilib.

Plana əsasən, iştirakçılar dağlıq ərazidə və yaşayış məntəqələrində döyüşün aparılması, şərti düşmən arxasına sızma, kəşfiyyat-axtarış tapşırıqlarının icrası, mühüm obyektlərin ələ keçirilməsi, antiterror əməliyyatları zamanı girovların azad edilməsi və strateji obyektlərin mühafizəsi üzrə tapşırıqları yerinə yetiriblər. Həmçinin müxtəlif çaplı atıcı silahlardan, snayper tüfənglərindən və xüsusi vasitələrdən gündüz və gecə şəraitində atışlar icra olunub.

Təlim rəhbərliyi ilə birlikdə tədbirin yekun mərhələsini izləyən Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin komandanı general-mayor Ələkbər Cahangirov xüsusi təyinatlıların bacarıqlarını və hazırlıq səviyyəsini yüksək qiymətləndirib.

Sonda tapşırıqların icrası zamanı fərqlənən bir qrup hərbi qulluqçu mükafatlandırılıb və xatirə şəkilləri çəkdirilib.

Mövzuya görə xəbərlər