Son dəqiqə

Bakı AYNA Yasamal Avtomobilsiz gün Məhəmməd Naxçıvani küçəsi Velosiped Skuter

“Avropa Mobillik Həftəsi” çərçivəsində “Avtomobilsiz gün” təşkil olunacaq

BAKI,TurkicWorld

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) təşəbbüsü ilə Bakı şəhəri “Avropa Mobillik Həftəsi”nə qoşulub. Sentyabrın 16-dan 22-dək paytaxtda dayanıqlı hərəkətliliyin və alternativ nəqliyyat vasitələrindən istifadənin təşviqinə yönəlmiş silsilə tədbirlər keçiriləcək.

TurkicWorld xəbər verir ki, həftənin əsas tədbirlərindən biri sentyabrın 20-də təşkil olunacaq “Avtomobilsiz gün” olacaq. Həmin gün saat 10:00-dan 20:00-dək Yasamal rayonunun Məhəmməd Naxçıvani küçəsi avtomobillərin hərəkəti üçün bağlanacaq.

Gün ərzində ərazidə sakinlərin iştirakı ilə müxtəlif tədbirlər keçiriləcək. Xüsusi mikromobillik zonasında müxtəlif növ velosiped və skuterlər nümayiş etdiriləcək, iştirakçılar üçün sınaq yürüşləri və təhlükəsiz idarəetmə üzrə praktiki təlimlər təşkil olunacaq.

Uşaqlar üçün ustad dərslərinin, böyüklər üçün isə əyləncəli və interaktiv oyunların keçirilməsi nəzərdə tutulur.

“Avropa Mobillik Həftəsi” çərçivəsində orta və ali təhsil müəssisələrində şagird və tələbələr üçün maarifləndirici görüşlər də təşkil ediləcək. İştirakçılara velosiped və skuterlərdən təhlükəsiz istifadə qaydaları praktiki şəkildə izah olunacaq.

Eyni zamanda, əhali arasında velosiped sürmə bacarıqlarının inkişaf etdirilməsi məqsədilə peşəkar təlimçilərin iştirakı ilə dərslər keçiriləcək. Təlimlərdə yol hərəkəti qaydalarına əməl edilməsi, piyadalara və digər hərəkət iştirakçılarına hörmət, eləcə də təhlükəsiz davranış prinsipləri diqqət mərkəzində olacaq.

Həftə ərzində müxtəlif yaş qruplarından həvəskar və peşəkar velosipedçilərin iştirakı ilə genişmiqyaslı veloyürüşün keçirilməsi də planlaşdırılır.

Bundan başqa, “Mobillik Dialoqu” adlı panel müzakirəsində dövlət qurumlarının, özəl sektorun nümayəndələri və mütəxəssislər Bakıda mikromobillik infrastrukturunun inkişaf perspektivlərini və şəhər nəqliyyatının gələcəyini müzakirə edəcəklər.

AYNA bildirir ki, tədbirlərin əsas məqsədi alternativ nəqliyyat vasitələrindən istifadənin genişləndirilməsi, yol hərəkəti təhlükəsizliyi barədə məlumatlılığın artırılması, eləcə də daha rahat, təhlükəsiz və dayanıqlı şəhər hərəkətliliyinin təşviqidir.

Mövzuya görə xəbərlər