Son dəqiqə

Azərbaycan Türkiyə

Türkiyə və Azərbaycan media sahəsində əməkdaşlığı yeni mərhələyə daşıyır

BAKI,TurkicWorld

Türkiyə ilə Azərbaycan arasında media və strateji kommunikasiya sahəsində əməkdaşlığın daha da genişləndirilməsi hər iki ölkə üçün prioritet istiqamətlərdən biridir. Bu barədə Türkiyə - Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfi ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) birgə təşkil etdiyi tədbirdə Türkiyənin Azərbaycandakı səfirliyinin media müşaviri Alptekin Cihangir İşbilir bildirib.

Onun sözlərinə görə, son illərdə iki qardaş ölkənin media qurumları arasında əlaqələr əhəmiyyətli dərəcədə güclənib və bu proses yeni birgə layihələrin həyata keçirilməsi ilə davam edir.

İşbilir xatırladıb ki, ötən il İstanbulda keçirilən Strateji Kommunikasiya Zirvəsi çərçivəsində Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun və Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov media sahəsində beynəlxalq əməkdaşlığa dair sənəd imzalayıblar.

“Bu sənədin əsas məqsədi media və ictimai diplomatiya sahəsində fəaliyyət göstərən qurumlar arasında əlaqələri daha da dərinləşdirməkdir. Son dövrlər Türkiyə və Azərbaycan arasında bu istiqamətdə əməkdaşlıq sürətlə genişlənir, media qurumları arasında münasibətlər möhkəmlənir və yeni ortaq layihələr həyata keçirilir”, – deyə o vurğulayıb.

Media müşaviri həmçinin qeyd edib ki, bu il Azərbaycanın milli mətbuatının 151 illiyi qeyd olunur. Onun sözlərinə görə, həm Azərbaycan, həm də Türkiyə zəngin jurnalistika ənənələrinə malikdir və bu ortaq irs media əməkdaşlığının inkişafı üçün mühüm zəmin yaradır.

“İki ölkənin media potensialını bir araya gətirən layihələrin sayının artırılması böyük əhəmiyyət daşıyır”, – deyə İşbilir bildirib.

Çıxışının sonunda o, əməkdaşlığın bütün səviyyələrdə – gənc jurnalistlərdən media rəhbərlərinə, müxbirlərdən ictimai diplomatiya nümayəndələrinə qədər – daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

Mövzuya görə xəbərlər