Bakı, Dekabr 22. /TurkicWorld/
Azərbaycanın Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarının din xadimləri İranın ölkəmizə qarşı yürütdüyü siyasəti kəskin şəkildə tənqid edən bəyanat veriblər.
TurkicWorld –un məlumatına əsasən bəyanatda deyilir ;
“Biz Şimal bölgəsinin din xadimləri,son vaxtlar İranın Azərbaycana qarşı yürütdüyü siyasətə etiraz olaraq bəyan edirik 2020-ci il Vətən müharibəsində öz ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanın bölgədə sülh və əməkdaşlıq naminə qonşuları ilə siyasi, iqtisadi əlaqələrini inkişaf etdirmək istəyi göz önündədir. Lakin təəssüflər olsun ki, Azərbaycanın xoş niyyətləri hər zaman lazımi qiymətləndirilmir, bəzi dövlətlər və siyasi dairələr tərəfindən aqressiv münasibət və açıq düşmənçilik meylləri ilə qarşılanır. Bu təəssüfdoğurucu hal qonşu İran dövləti ilə bağlı haqlı narahatlıq doğurur. Təəssüflər olsun ki,İran öz siyasəti ilə yanaşı, dindən də istifadə edərək Azərbaycanda ictimai sabitliyi, vətəndaş birliyini pozmaq, məzhəblərarası təfriqə yaratmaq istiqamətində istər daxildə, istər ölkə xaricində məqsədyönlü təxribat aparmaq niyyətindədir. Əsrlər boyu İran ilə Azərbaycanı bir-birinə bağlayan dini və milli dəyərlər iki dövlət arasında dostluğa və qardaşlığa çevrilmişdir. Lakin Azərbaycanın əsas dərdi olan Qarabağ məsələsi həllini tapana qədər və ondan sonra da İranın münaqişə və müharibənin səbəbkarı olan təcavüzkar Ermənistana qarşı yaxın münasibətini biz din xadimləri pisləyir, bu siyasəti dostluq və qardaşlığa xəyanət kimi qiymətləndiririk. 67 müsəlman məscidindən 65-ni dağıdan, təhqir edən Ermənistan kimi bir ölkə ilə bütün sahələrdə əməkdaşlıq etmək, müsəlman ölkəsinə yaraşan bir siyasət deyil. Biz İranın bu hərəkətlərinin müqəddəs İslam dininin qardaşlıq ruhuna uyğun olmadığını bəyan edirik . Şimal bölgəsinin din xadimləri olaraq bəyan edirik ki, daim dövlətimizin və Ali Baş Komandanımızın siyasətini dəstəkləyib, dinindən və millətindən asılı olmayaraq, dövlətimizə qarşı yönəlmiş hər bir təhlükədə iradəmizi ortaya qoyaraq cənab Prezidentin ətrafında dəmir yumruq kimi birləşmişik. Heç bir qüvvə bizi bu fikrimizdən döndərə bilməz. Prezident İlham Əliyev, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi xətti bu gün də davam və inkişaf etdirir. Bir daha İranın müsəlmanların müqəddəs məkanlarını dağıdan ermənilərə qarşı dost siyasətini qınayaraq, bu siyasətə öz etirazımızı bildiririk”.