BAKI,TurkicWorld Orxan Qədirzadə
Valideyn himayəsindən məhrum qalmış uşaqlara dəstəyin gücləndirilməsi məqsədilə yeni xeyriyyə təşəbbüsünə start verilir. Al Baraka Azerbaijan könüllüləri tərəfindən həyata keçirilən layihə çərçivəsində Qəzzada hər iki valideynini və ya valideynlərindən birini itirmiş 35 uşağın uzunmüddətli himayəsi və dəstəklənməsi nəzərdə tutulur.
Təşəbbüsün əsas məqsədi çətin həyat şəraiti ilə üzləşən uşaqların sosial rifahına töhfə vermək, onların gündəlik ehtiyaclarının qarşılanmasına dəstək göstərmək və davamlı yardım mexanizmi formalaşdırmaqdır.
Layihə çərçivəsində bir uşağın himayəsini bir xeyriyyəçi tam şəkildə öz üzərinə götürə bilər. Eyni zamanda, bir neçə xeyriyyəçinin birləşərək eyni uşağın himayəsində iştirak etməsi də mümkündür. Bu yanaşma daha çox insanın layihəyə qoşulmasına və daha geniş dəstək şəbəkəsinin formalaşmasına imkan yaradır.
Məlumata görə, layihənin icrasına 1 iyul tarixindən başlanılacaq. Himayə ödənişlərinin qəbulu isə hər ayın 1-dən 10-dək olan dövrdə həyata keçiriləcək.
Təşkilatçılar bildirirlər ki, layihə vasitəsilə valideyn qayğısından məhrum olmuş uşaqların həyat şəraitinin yaxşılaşdırılması, onların əsas ehtiyaclarının təmin olunması və gələcəklərinə dəstək göstərilməsi hədəflənir.
Aşağıdakı linkə daxil olaraq uşaqların anketləri ilə tanış ola bilərsiniz.
https://drive.google.com/drive/folders/1KaT3rCJti3PQegEEdFhAoMnOdHEQSGMf






