BAKI,TurkicWorld
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nəzdində Dövlət Proqramı İdarəetmə Qrupu və “Femida Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə Dövlət Proqramının təqdim etdiyi imkanlara həsr olunmuş görüş keçirilib.
TurkicWorld Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki,tədbir çərçivəsində təşkil olunan panel müzakirədə Dövlət Proqramı İdarəetmə Qrupunun layihə rəhbəri Qədir Xəlilov, Azərbaycan Respublikası Dövlət Neft Fondunun Strateji layihələr departamentinin rəhbəri Əli Sultanlı və “2022-2028-ci illər üçün Dövlət Proqramı” məzunu Cavid Rəhimli iştirak edib.
Dövlət Proqramı İdarəetmə Qrupunun layihə rəhbəri Qədir Xəlilov çıxışı zamanı bildirib ki, bu gün ölkəmizin strateji qurumlarında və layihələrində aparıcı və rəhbər vəzifələrdə çalışanların xeyli hissəsini məhz vaxtilə Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almış məzunlar təşkil edir.
Dövlət Neft Fondunun Strateji layihələr departamentinin rəhbəri Əli Sultanlı Azərbaycanın müxtəlif istiqamətlər üzrə inkişaf strategiyasının uğurla həyata keçirilməsi üçün güclü kadr potensialına ehtiyac duyulduğunu qeyd edib. O, həmçinin Dövlət Neft Fondu tərəfindən ölkəmizin insan kapitalına qoyulan bu investisiyanın nəticələrinin əsas etibarilə proqram iştirakçılarının yüksək akademik göstəriciləri, ölkəmizi xaricdə uğurla təmsil etmələri və qayıtdıqdan sonra qazanılan təcrübə vasitəsilə iqtisadiyyatımıza verdikləri töhfələrlə ölçüldüyünü vurğulayıb.
Dövlət Proqramı çərçivəsində Kembric Universitetində beynəlxalq hüquq ixtisası üzrə təhsil almış proqram məzunu Cavid Rəhimli xaricdə dövlət hesabına təhsilin üstünlüklərindən, eləcə də məzunlara açdığı uzunmüddətli inkişaf perspektivindən söz açıb.
Tədbir zamanı qeyd olunub ki, Dövlət Proqramı məzunlarının ölkəyə qayıdıb cəmiyyətin və iqtisadiyyatın inkişafına fayda verməsi nəticədə gənclərdə sosial məsuliyyət hissinin güclənməsinə təkan verir.
Panel müzakirə zamanı Dövlət Proqramı vasitəsilə xaricdə təhsil imkanları, müraciət və seçim mərhələləri, proqramın təqdim etdiyi üstünlüklər və gələcək karyera perspektivləri barədə iştirakçılara ətraflı məlumat verilib. Həmçinin Dövlət Proqramı çərçivəsində hüquq ixtisası üzrə xaricdə təhsilə dair iştirakçıları maraqlandıran suallar cavablandırılıb.







