BAKI,TurkicWorld
Vətəndaş cəmiyyətinin nümayəndəsi əvvəlcə Ermənistana, daha sonra Azərbaycana səfər edib. Hazırkı mərhələdə bu səfərin simvolik əhəmiyyəti ondan ibarətdir ki, keçid delimitasiya və demarkasiya olunmuş hissədən, quru sərhəd vasitəsilə həyata keçirilib.
TurkicWorld-un xüsusi müxbiri xəbər verir ki, bu barədə "Sülh Körpüsü" təşəbbüsünün kuratoru, Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, burada bütün sərhəd-keçid prosedurları yerinə yetirilib:
"Eyni zamanda, Ermənistan Respublikasının sərhədləri açıq olduğundan xüsusi prosedurlar tətbiq olunmayıb. Lakin Azərbaycan Respublikasının quru sərhədləri bağlı olduğu üçün bütün zəruri dövlət prosedurları icra edilib.
Vaşinqton sammitində sülh gündəliyi təsdiq edilib və bu çərçivədə dövlətlərarası yüksək səviyyəli dialoq mövcuddur. Bu dialoqa həm liderlər, həm də dövlət strukturları daxildir. İqtisadi münasibətlər də formalaşmaqdadır; buraya tranzitin həyata keçirilməsi və birbaşa ticarət əlaqələri aiddir. Bununla yanaşı, vətəndaş cəmiyyəti səviyyəsində dialoq artıq mövcuddur və davam etdirilir.
"Sülh Körpüsü" təşəbbüsünün digər formatlardan əsas fərqi ondan ibarətdir ki, əvvəlki illərdə bu tip dialoq platformaları əsasən üçtərəfli formatda – vasitəçi və ya donor təşkilatların iştirakı ilə həyata keçirilirdi. Hazırda isə proses dövlət dəstəyi ilə aparılır və vətəndaş cəmiyyəti nümayəndələri də bu prosesdə birbaşa iştirak edir.
Bugünkü görüş çərçivəsində dörd müzakirə sessiyası təşkil olunub. İlk iki sessiya daha çox politoloji xarakter daşıyıb və geosiyasi vəziyyətin, regiondakı mövcud şəraitin sülh prosesinə təsiri, eləcə də yaratdığı imkanlar müzakirə edilib. Üçüncü və dördüncü sessiyalar isə birbaşa vətəndaş cəmiyyətinin rolu və gələcək fəaliyyət istiqamətlərinə həsr olunub.
Görüş çərçivəsində artıq ənənə halını almış dövlət rəsmiləri ilə görüşlər də keçirilib. Bu çərçivədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüş baş tutub. İki saatdan artıq davam edən görüşdə Ermənistan nümayəndələrinin çoxsaylı sualları ətraflı şəkildə cavablandırılıb", - Fərhad Məmmədov qeyd edib.







