Son dəqiqə

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi

Dövlət Komitəsinin sədri Salyan şəhərində yerləşən məscidlərin fəaliyyəti ilə tanış olub

Bakı.TurkicWorld:

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov martın 18-də Salyan şəhərində “Mərkəzi Hacı Tağı” və “Ağa Hüseyn” məscidlərini ziyarət edib.

TurkicWorld xəbər verir ki, Dövlət Komitəsinin sədri məscidlərdə fəaliyyət göstərən din xadimləri ilə görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə milli-mənəvi dəyərlərin, tolerantlıq ənənələrinin və dini müxtəlifliyin qorunması sahəsində görülən tədbirlər barədə danışıb.

Komitə sədri ölkədəki mövcud dini durum və dövlət-din münasibətlərindən bəhs edərək vurğulayıb ki, Azərbaycan dünyəvi və demokratik dəyərlərə söykənən tolerantlıq modeli ilə beynəlxalq müstəvidə nümunəvi ölkələrdən biridir. Hər bir vətəndaşın vicdan azadlığı Azərbaycan Respublikasının Konstitusiyası ilə dövlət təminatındadır.

Dini maarifləndirmə işinin keyfiyyətinin artırılmasının strateji əhəmiyyətinə toxunan Ramin Məmmədov qeyd edib ki, müasir dövrdə bəzi kənar qüvvələrin dini siyasiləşdirmək və yad ideologiyaları cəmiyyətimizə aşılamaq cəhdlərinin qarşısını almaq üçün din xadimləri daha fəal olmalıdırlar. Sədr əlavə edib ki, multikultural mühitin qorunmasında və milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsində din xadimlərinin maarifləndirici rolu mühüm xarakter daşıyır. Sağlam dini mühitin qorunması həm də dövlətçiliyimizin möhkəmlənməsinin vacib amillərdən biridir.

Görüşdə dövlətin dini icmalara göstərdiyi dəstək tədbirləri haqqında müzakirələr aparılıb. Bildirilib ki, dini məbədlərin inşası, təmiri məqsədilə atılan addımlar, eləcə də müxtəlif dini icmalara göstərilən maliyyə yardımları Azərbaycanda bütün konfessiyalara bərəbər münasibət olduğunu nümayiş etdirir.

Din xadimləri dini etiqad azadlığının təmin olunmasının cəmiyyət tərəfindən yüksək qiymətləndirildiyini bildiriblər. Dini icmalara göstərilən dəstəyə və din xadimlərinin fəaliyyətinə yaradılan şəraitə görə məmnunluqlarını ifadə ediblər. Dövlətin davamlı dəstəyinin ölkədə mənəvi həmrəyliyin və dini sabitliyin daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulayıblar.

Mövzuya görə xəbərlər