Son dəqiqə

Azərbaycan Dövlət Pedaqoji Universiteti ADPU Mediasiya Təşkilatı

ADPU-nun Quba Filialında mediasiya və şəhərsalma mövzusunda maarifləndirici görüş keçirilib

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialında Quba 1 saylı Mediasiya Təşkilatı ilə birgə təşkil olunan maarifləndirici görüş keçirilib.

TurkicWorld Mediasiya Təşkilatına istinadən xəbər verir ki, 13 mart 2026-cı il tarixində baş tutan tədbir Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə elan edilmiş 2026-cı il – “Şəhərsalma və memarlıq ili” çərçivəsində təşkil olunub. Tədbirin əsas məqsədi gənclər arasında mediasiya mədəniyyətinin təbliği, hüquqi maarifləndirmənin artırılması və şəhərsalma sahəsində yaranan mübahisələrin sülh yolu ilə həlli mexanizmləri barədə tələbələrə məlumat verilməsi olub.

Tədbir Ulu öndər Heydər Əliyevin və Dövlətimizin müstəqilliyi və suverenliyi uğurunda şəhid olmuş şəxslərin xatirəsini bir dəqiqəlik sükutla yad edilərək, Dövlət Himni səsləndirilməklə başlanılmışdır.
Tədbiri giriş sözü ilə açan moderator Nəhayət Şirinova görüşün əhəmiyyəti barədə məlumat verərək iştirakçıları salamlayıb.

Daha sonra çıxış edən ADPU-nun Quba Filialının direktor müavini fəlsəfə üzrə doktor – Pərvanə xanım Rzayeva gənclərin hüquqi maarifləndirilməsinin və universitet mühitində belə maarifləndirici görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, müasir dövrdə şəhərsalma və memarlıq sahəsinin inkişafı yalnız texniki və infrastruktur məsələləri ilə deyil, eyni zamanda sosial münasibətlər və hüquqi mədəniyyətlə də sıx bağlıdır.

Tədbirdə çıxış edən Quba 1 saylı Mediasiya Təşkilatının direktoru, hüquqşünas–mediator Hümmət Əliyev mediasiya institutunun cəmiyyətdəki rolundan danışıb. O bildirib ki, mübahisələrin sülh yolu ilə həlli cəmiyyətin inkişafında mühüm əhəmiyyət daşıyır və mediasiya bu baxımdan müasir hüquqi mexanizmlərdən biridir.

Hümmət Əliyev çıxışında qeyd edib ki, şəhərsalma və memarlıq sahəsində torpaq münasibətləri, tikinti prosesi, mülkiyyət məsələləri və digər səbəblərlə bağlı müxtəlif mübahisələr yarana bilər. Belə hallarda mediasiya tərəflər arasında dialoq qurmağa və qarşılıqlı razılıq əsasında problemlərin həllinə imkan yaradır.

Quba 1 saylı Mediasiya Təşkilatının mediatoru Təbriz Mirzəbəyov isə çıxışında şəhərsalma və memarlıq sahəsində yaranan mübahisələrin mediasiya yolu ilə həlli imkanları barədə məlumat verib. O vurğulayıb ki, mediasiya mübahisələrin daha qısa müddətdə, daha az xərc və qarşılıqlı anlaşma əsasında həllinə imkan yaradan effektiv mexanizmdir.

Tədbirin davamında tələbələrlə interaktiv müzakirələr aparılıb, mediasiya institutunun hüquqi əsasları və praktik tətbiqi barədə fikir mübadiləsi həyata keçirilib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb və bu cür maarifləndirici görüşlərin gələcəkdə də davam etdirilməsinin vacibliyi qeyd olunub.

Tədbir iştirakçıları belə görüşlərin gənclərin hüquqi biliklərinin artırılmasına və cəmiyyətdə dialoq mədəniyyətinin inkişafına mühüm töhfə verdiyini bildiriblər.

Tədbirin sonunda xatirə şəkilləri çəkilmişdir.

Mövzuya görə xəbərlər