BAKI,TurkicWorld
Fevralın 25-də ADA Universitetində hüquq elmi və texnologiyanın kəsişməsində aktual mövzulardan biri olan “Rəqəmsal cinayət təqibi” mövzusunda mühazirə təşkil olunub. Tədbirdə Universitetin professor-müəllim heyəti, Hüquq, İctimai və beynəlxalq münasibətlər, İnformasiya texnologiyaları və mühəndislik fakültələrinin tələbələri, eləcə də Baş Prokurorluğun rəhbər heyəti iştirak edib.
TurkicWorld xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Tədbiri giriş sözü ilə açan ADA Universitetinin prorektoru, Milli Məclisin üzvü Fariz İsmayılzadə prokurorluq orqanları ilə akademik mühit arasındakı sıx əlaqələrin önəmini vurğulayıb.
Ardınca Hüquq fakültəsinin dekanı Rəşad İbadov çıxış edərək fakültənin qurulması, inkişafı və tədris prosesində tətbiq olunan yeniliklər barədə ətraflı məlumat verib. Qeyd olunub ki, 2022-ci ildə imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilən layihələr hüquq təhsilinin müasir rəqəmsal tələblərə uyğunlaşdırılmasına mühüm töhfə verir.
Daha sonra geniş məruzə ilə çıxış edən Baş prokuror mühazirənin Xocalı soyqırımının ildönümü ərəfəsinə təsadüf etdiyini xatırladaraq Azərbaycan xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq və digər xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilən 16 nəfər Ermənistan vətəndaşının barəsində olan cinayət işləri üzrə ibtidai istintaqın gedişatı və məhkəmə proseslərinin təfərrüatları barədə auditoriyaya məlumat verib.
Xüsusi olaraq vurğulanıb ki, bu məhkəmə proseslərinin keçirilməsi, ilk növbədə, möhtərəm Prezident İlham Əliyevin məqsədyönlü və qətiyyətli fəaliyyətinin və tarixi ədalətin bərpasına yönəlmiş ali rəhbərliyinin praktiki nəticəsidir.
Bildirilib ki, Azərbaycan dövlətinin ədalət meyarlarına sadiqliyinin bariz nümunəsi olan həmin proseslər milli qanunvericiliyin və beynəlxalq hüququn normalarına tam uyğun şəkildə, obyektivlik və şəffaflıq prinsipləri gözlənilməklə həyata keçirilib.
Çıxışını davam etdirərək Baş prokuror rəqəmsallaşmanın dövlət idarəçiliyinə və hüquq-mühafizə sisteminə köklü təsirlərindən bəhs edib.
Baş prokuror qeyd edib ki, bəşəriyyət tarix boyu sosial münasibətlərin təkamülü ilə paralel olaraq hüquqi formasiyalarını da dəyişmişdir: “İnsan münasibətlərinin ibtidai adətlərdən mürəkkəb hüquq sistemlərinə keçidi bu gün bizləri rəqəmsal dünyaya – “kibercəmiyyətə” gətirib çıxarıb. Bu yeni reallıqda dövlət və vətəndaş arasındakı “ictimai müqavilə” artıq fiziki sərhədləri aşaraq virtual müstəviyə daşınır.”
Bununla yanaşı Baş prokuror klassik istintaq metodları ilə müasir yanaşmanı qarşılaşdıraraq bildirib ki, əgər keçmişdə istintaqın əsasını fiziki sübutlar, kağız daşıyıcılar və şahid ifadələri təşkil edirdisə, müasir dövrün rəqəmsal istintaqı artıq mürəkkəb metadatanın təhlili və kiberməkandakı elektron trayektoriyalar üzərində qurulur.
Baş prokuror rəqəmsal cinayət təqibi sahəsində beynəlxalq tənzimləmə mexanizmləri, o cümlədən Budapeşt və Hanoy Konvensiyasının müddəaları və sərhədlərarası elektron sübut mübadiləsi mövzusuna da toxunub. Vurğulanıb ki, rəqəmsal sübutların prosessual statusu, metadata və elektron məlumatların toplanması ilə bağlı milli cinayət və cinayət-prosessual qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində addımlar atılıb və atılmaqdadır.
Mühazirənin sonunda Baş prokuror tələbələrin rəqəmsal hüquq, kibertəhlükəsizlik və hüquqi tənzimləmə sahəsində suallarını ətraflı cavablandırıb.
Tədbir çərçivəsində Baş prokuror və prokurorluq əməkdaşları üçün rektor Hafiz Paşayevin iştirakı ilə İtaliya-Azərbaycan Universiteti və ADA Universitetinin Kitabxanası ilə tanışlıq səfəri təşkil olunub.
Sonda Universitetin Kitabxanasına Baş Prokurorluq tərəfindən hazırlanan elmi-hüquqi ədəbiyyatlar və xüsusi nəşrlər hədiyyə edilib, xatirə şəkli çəkdirilib.







