BAKI,TurkicWorld
Xocalı faciəsinin 34-cü ildönümü münasibətilə ölkədə fəaliyyət göstərən dini icmalar tərəfindən silsilə anım tədbirləri təşkil olunub.
TurkicWorld xəbər verir ki, müxtəlif dini konfessiyalara mənsub ibadət məkanlarında faciə qurbanlarının xatirəsi ehtiramla anılıb, mərasimlərdə sülhə və insan həyatının toxunulmazlığına dair çağırışlar səsləndirilib.
Fevralın 26-da keçirilən anım mərasimləri çərçivəsində Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasında, Sefarad, Avropa yəhudiləri sinaqoqlarında, o cümlədən Bakı Krişna Şüuru və Baptistlərin “Aqape” dini icmalarında ayinlər icra edilib.
Tədbirlərdə faciənin mahiyyəti vurğulanaraq, dinc əhaliyə qarşı törədilmiş ağır cinayətlər qınanılıb. Bildirilib ki, tarixi faktların araşdırılması, hadisələrin obyektiv şəkildə dünya ictimaiyyətinə çatdırılması və faciənin beynəlxalq səviyyədə tanıdılması mənəvi borc kimi qəbul edilməlidir.
Qeyd olunub ki, Azərbaycanda mövcud olan dini müxtəliflik və qarşılıqlı etimad mühiti milli həmrəyliyin daha da güclənməsinə xidmət edir. Müxtəlif konfessiyalara mənsub icmaların taleyüklü məsələlərdə ortaq mövqe sərgiləməsi cəmiyyətimizin yüksək mənəvi dəyərlərə əsaslandığını göstərir və ümumbəşəri prinsiplərə sadiqliyini aydın ifadə edir.







