Son dəqiqə

Azərbaycan Bakı bələdiyyə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti

Bələdiyyə torpaqlarının qiymətləndirilməsində ziddiyyət: Sertifikatlı rəy niyə tanınmır?

BAKI,TurkicWorld

Azərbaycanda bələdiyyə torpaqlarının qiymətləndirilməsi ilə bağlı regionlarda qiymət fərqləri və rəyin tanınmaması halları müzakirə mövzusuna çevrilib.

TurkicWorld xəbər verir ki, mövcud qanunvericiliyə əsasən bələdiyyə torpaqlarının qiymətləndirilməsi yalnız Dövlət İmtahan Mərkəzində imtahan verərək sertifikat almış peşəkar qiymətləndiricilər tərəfindən həyata keçirilir. Torpaq sahələrinin satışa çıxarılması və ya vətəndaşlar tərəfindən sənədləşdirilməsi zamanı müstəqil qiymətləndiricilər tərəfindən rəsmi rəy hazırlanır.

Lakin bəzi hallarda regionlarda bələdiyyələrin sifarişi ilə müəyyən edilmiş qiymətlər sonradan Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qəbul edilmir. Bu isə torpaqların rəsmiləşdirilməsi prosesində əlavə çətinliklər yaradır.

Mövzu ilə bağlı açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədrinin birinci müavini Fərid Rüstəmov bildirib ki, qanunvericiliyə görə sertifikatlı qiymətləndiricilərin rəyi hüquqi qüvvəyə malikdir və inzibati qaydada qiymətin dəyişdirilməsi düzgün yanaşma hesab edilə bilməz.

Onun sözlərinə görə, qiymətlərin süni şəkildə artırılması vətəndaşların torpaqlarını rəsmiləşdirməyə marağını azaldır. “Əgər vətəndaş illərlə istifadə etdiyi torpaq sahəsini sənədləşdirmək istəyirsə və bazar qiyməti 500 manat müəyyən olunursa, lakin ondan üç dəfə artıq məbləğ tələb edilirsə, bu, həm sosial narazılıq yaradır, həm də prosesin ləngiməsinə səbəb olur”, – deyə o vurğulayıb.

Ekspert hesab edir ki, bu yanaşma dövlət büdcəsinə daxilolmaların azalmasına da təsir göstərə bilər. Çünki yüksək məbləğlər səbəbindən vətəndaşlar torpaqlarını rəsmiləşdirməkdən çəkinir və nəticədə sənədsiz torpaq problemi daha da dərinləşir.

Qeyd olunub ki, bu sahədə şəffaflığın və normativ aktların birmənalı tətbiqinin təmin edilməsi həm vətəndaş hüquqlarının qorunması, həm də torpaq bazarında sabitliyin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır.

Mövzuya görə xəbərlər