Son dəqiqə

Azərbaycan Türkiyənin Azərbaycandakı səfirliyi Xocalı Soyqırımı Birol Akgün

Xocalı faciəsi insanlıq vicdanında iz qoyan qara ləkə kimi tarixdə öz yerini alıb - Birol Akgün

BAKI,TurkicWorld

Bu hadisə insanlıq vicdanında iz qoyan qara bir ləkə kimi tarixdə öz yerini alıb. Türkiyə Səfirliyi olaraq bir daha azərbaycanlı qardaş və bacılarımıza dərin hüznlə başsağlığı veririk.

TurkicWorld xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar bu gün Bakıdakı "Ana harayı" abidəsini ziyarət edərkən jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, vəhşi bir zülmün ildönümündə, o ağrılı günləri bir daha yad etmək üçün Türkiyə Respublikasının səfiri olaraq bütün heyətlə birlikdə buraya gəliblər:

"613 günahsız insanın vəhşicəsinə qətlə yetirildiyi o acı günlərdə həyatını itirən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. Allah bir daha belə ağrılı günləri nə millətimizə, nə də heç kimə yaşatmasın. Bütün şəhidlərimizə Allahdan rəhmət, geridə qalanlara isə səbir və dözüm arzulayırıq".

Xatırladaq ki, bu gün Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı soyqırımının törədilməsindən 34 il ötür.

Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı aparılmış işğal və soyqırımı siyasətinin ən qanlı faciələrindəndir.

1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri 1991-ci ilin oktyabr ayından mühasirədə saxlanmış, avtomobil və enerji əlaqəsi kəsilmiş Xocalıya hücum edərəkazərbaycanlı dinc sakinlərə qarşı kütləvi vəhşiliklər törədib.

Keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməkliyi ilə erməni dəstələri tərəfindən həyata keçirilmiş qırğın zamanı Xocalıda 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 yaşlı xüsusi amansızlıqla qətlə yetirilib. 487 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, 1275 nəfər əsir götürülüb və girovluqda işgəncələrə məruz qalıb. 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirib. Bir çox girovun taleyi hələ də məlum deyil.

Bu qırğınlar yalnız hərbi əməliyyat deyil, etnik nifrət və ayrı-seçkilik siyasətinin parçası olub. Ermənistanın Azərbaycanın Bağanis Ayrım, Cəmilli, Kərkicahan, Meşəli, Malıbəyli, Qaradağlı, Tuğ, Səlakətin və s. kimi digər yaşayış məntəqələrində də azərbaycanlılara qarşı məqsədyönlü qırğınlar həyata keçirməsi Xocalı soyqırımının sistemli və planlı xarakterini açıq şəkildə nümayiş etdirir.

Mövzuya görə xəbərlər