Son dəqiqə

Diasporla İş üzrə Dövlət Komitəsi 21 Fevral - Beynəlxalq Ana Dili Günü

Beynəlxalq Ana Dili Günü münasibətilə 33 ölkədən soydaşlarımızın iştirakı ilə videokonfrans keçirilib

BAKI, TurkicWorld

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xaricdə yaşayan azərbaycanlıların ana dilini bilməsi, ana dilində sərbəst danışması istiqamətində səsləndirdiyi fikirlər soydaşlarımız üçün mühüm çağırışdır və onların fəaliyyətində yeni prioritetlər müəyyən edir.

Bu barədə TurkicWorld-a Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verib.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 21 fevral Beynəlxalq Ana Dili Günü münasibətilə baş tutan geniş videokonfrans bu çağırışlarla bağlı effektiv müzakirə imkanı yaradıb və xaricdəki Azərbaycan icmalarının milli məsuliyyətini özündə ehtiva edib.

Azərbaycanla yanaşı, dünyanın ABŞ, Almaniya, Avstraliya, Avstriya, BƏƏ, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Çin, Estoniya, Fransa, Gürcüstan, İordaniya, İsveç, İsveçrə, Kanada, Kipr, Koreya, Küveyt, Litva, Qazaxıstan, Qətər, Qırğızıstan, Macarıstan, Misir, Moldova, Norveç, Oman, Polşa, Serbiya, Səudiyyə Ərəbistanı, Türkiyə, Ukrayna kimi 33 ölkəsindən 100-dən artıq soydaşımızın, o cümlədən xarici ölkələrdəki həftəsonu Azərbaycan məktəblərinin müəllimlərinin iştirak etdiyi konfransda ölkə başçısının çıxışlarının yer aldığı videomaterial nümayiş olunub.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxış edərək bildirib ki: ”Azərbaycan dili bizi birləşdirir, aramızdakı mənəvi bağları, milli birliyi daha da gücləndirir. Unutmamalıyıq ki, yeni nəsil diasporun ana dilini öyrənməsi milli birliyimizin davamlılığı üçün vacibdir. Azərbaycan dövlətinin dəstəyi ilə xaricdə açılan onlarla həftəsonu məktəbi soydaşlarımızın ana dilini mükəmməl bilməsi üçün böyük fürsətlər yaradır və birliyimizə töhfələr verir”.

Konfrans iştirakçılarına xaricdəki həftəsonu məktəbləri, ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə açılan “Qarabağ” məktəbləri barədə məlumat verilib, “Milli Dilli” onlayn təhsil platformasının geniş təqdimatı keçirilib. Layihənin ideya müəllifi və rəhbəri Sevinc Əliyeva layihənin tətbiqi imkanlarından danışıb, davamlılığının əhəmiyyətini qeyd edib. Müəllif Milli və Dilli obrazlarının yaradılması, xaricdə ana dilinin itirilməsi təhlükəsi, ana dilinin qorunması üçün şəxsi məsuliyyət, layihə çərçivəsində müəllimlərin seçimi, platformanın həftəsonu məktəblərinin uzunmüddətli perspektivinə müsbət təsiri ilə bağlı fikirlərini bölüşüb.

Konfrans xaricdəki Azərbaycan icmaları üzvlərinin, xüsusilə 3-cü, 4-cü nəsil diasporun ana dilini bilməsi, bu işdə “Milli Dilli” onlayn təhsil platformasının rolu, məsafədən təhsil imkanları barədə geniş fikir mübadiləsinin aparılması ilə davam edib. Soydaşlarımız ana dilini bilməyin nəsillərarası ünsiyyəti gücləndirdiyini, milli ruhun qorunmasında böyük əhəmiyyət daşıdığını vurğulayıb, “Milli Dilli” layihəsinin bu sahədə əvəzolunmaz rol oynayacağını söyləyiblər. Tədbir iştirakçıları xarici ölkələrdə Azərbaycan dilinin inkişafına göstərilən dəstəyə görə dövlətimizə minnətdarlıq ediblər.

Qeyd edək ki, hazırda dünyanın 24 ölkəsində 90-dan çox həftəsonu Azərbaycan məktəbi var. Bu məktəblərdən 32-si Azərbaycan Evlərinin nəzdində fəaliyyət göstərir. Diasporla İş üzrə Dövlət Komitəsi xarici ölkələrdəki hər bir həftəsonu Azərbaycan məktəbini dərs kitabları və tədris vəsaitləri ilə təmin edir. Soydaşlarımız, eləcə də ölkəmizə dost münasibəti bəsləyən xaricilər Azərbaycan Evlərinin və həftəsonu məktəblərinin xidmətlərindən təmənnasız istifadə edir.

Mövzuya görə xəbərlər