BAKI,TurkicWorld
Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən Azərbaycan Ordusunun qoşun (qüvvə) növləri, Əlahiddə Ümumqoşun Ordu, birlik, birləşmə və hərbi hissələrinin, eləcə də Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinin rabitə ixtisaslı zabitləri üçün təlim-metodiki görüş təşkil edilib.
TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Kosmik Agentliyindən (Azərkosmos) məlumat verilib.
Görüş çərçivəsində rabitə ixtisaslı zabitlərin əməliyyat və ixtisas hazırlığı üzrə metodiki və nəzəri biliklərinin təkmilləşdirilməsi, praktiki bacarıqlarının inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılıb. İştirakçılara rabitə və informasiya texnologiyaları sisteminə inteqrasiya edilən yeni sistem və vasitələr barədə məlumat verilib, onların tətbiq imkanları və üstünlükləri praktiki şəkildə nümayiş etdirilib.
Tədbir zamanı Azərkosmosun fəaliyyət istiqamətləri, peyk rabitəsi və kosmik texnologiyaların müdafiə və təhlükəsizlik sahəsində tətbiq imkanları barədə təqdimat keçirilib. Bununla yanaşı, innovativ texnologiyalar və onların əməliyyat imkanları iştirakçıların diqqətinə çatdırılıb.
Bu cür təşəbbüslər müdafiə və təhlükəsizlik sahəsində kosmik və rabitə texnologiyalarının tətbiqinin genişləndirilməsinə, eləcə də müasir texnoloji həllərin qarşılıqlı əməkdaşlıq çərçivəsində inkişafına töhfə verir.







