BAKI, TurkicWorld
İordaniyanın təhsil naziri doktor Azmi Mühafizə Azərbaycan Respublikasının İordaniya Haşimi Krallığındakı səfiri Şahin Abdullayev ilə görüşüb.
TurkicWorld xəbər verir ki, görüşdə iki ölkə arasında mövcud olan əməkdaşlıq əlaqələri, onların bütün sahələrdə, xüsusilə də təhsil sahəsində gücləndirilməsi və inkişaf etdirilməsi yolları müzakirə olunub.
Nazir Mühafizə nazirliyin təhsil prosesinin müxtəlif aspektlərində həyata keçirdiyi inkişaf planları və proqramlarına toxunaraq, iki dost ölkəni birləşdirən tərəfdaşlıq münasibətlərinin vacibliyini, əməkdaşlıq və koordinasiyanın davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə ali təhsil sahəsindəki ikitərəfli əlaqələrə, İordaniya və Azərbaycan universitetləri arasında koordinasiyanın gücləndirilməsinə xüsusi diqqət yetirilib.
Nazir, hər iki ölkənin tələbələri üçün universitetlərə qəbul prosesində asanlığın təmin edilməsi, birgə təhsil proqramlarının hazırlanması imkanları və xüsusilə Azərbaycanlı tələbələrin ərəb dili sahəsində biliklərinin artırılması üçün xüsusi proqramların təşkili kimi mühim məqamları qeyd edib.
Səfir Şahin Abdullayev iki ölkə arasındakı təhsil əlaqələrini və İordaniya təhsil sisteminin əldə etdiyi mühüm nailiyyətləri yüksək qiymətləndirib. O, İordaniya təhsil müəssisələrinin ərəb dünyasında, regional və beynəlxalq səviyyədə tutduğu qabaqcıl mövqedən bəhs edərək, Azərbaycanın bu münasibətləri inkişaf etdirmək əzmində olduğunu təsdiqləyib.






