Son dəqiqə

Azərbaycan Bakı Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti Rüfət Əliyev

AQC əməyin qiymətləndirilməsi üzrə yeni istiqamətin tətbiqini gündəmə gətirir

BAKI,TurkicWorld

Azərbaycanda müstəqil qiymətləndirmə fəaliyyətində yeni istiqamətlərin tətbiqi müzakirə olunur. Bu çərçivədə əməyin dəyərinin qiymətləndirilməsi mexanizminin formalaşdırılması gündəmdədir.

TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin üzvü Rüfət Əliyev məlumat verib.

O bildirib ki, əməyin qiymətləndirilməsi mexanizminin tətbiqi rəsmi bazarın genişlənməsinə, maliyyə hesabatlılığının güclənməsinə və şəffaflığın tam təmin olunmasına şərait yarada bilər.

Rüfət Əliyevin sözlərinə görə, əməyin dəyərləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunda nəzərdə tutulan mövcud 9 istiqamət çərçivəsində, xüsusilə xidmətlərin qiymətləndirilməsi bölməsi üzrə birbaşa və ya dolayı formada əksini tapa bilər. O qeyd edib ki, əməyin dəyəri klassik qiymətləndirmə yanaşmaları — bazar, xərc və gəlir yanaşmaları əsasında müəyyən edilə bilər.

Ekspert beynəlxalq təcrübəyə toxunaraq bildirib ki, ABŞ-da əməyin dəyərinin qiymətləndirilməsi artıq institusionallaşmış praktikaya çevrilib. Bu sahədə peşəkar qiymətləndiricilər, forensik ekspertlər, HR strukturları və müstəqil qiymətləndirmə şirkətləri fəal iştirak edir. Belə hesabatlar məhkəmə proseslərində, korporativ restrukturizasiya layihələrində, startap və innovasiya təşəbbüslərində, eləcə də birləşmə və satınalmalar zamanı geniş istifadə olunur.

Onun sözlərinə görə, Almaniyada isə əməyin qiymətləndirilməsi iqtisadi ekspertiza formasında həyata keçirilir və rəsmi tanınmış ekspertlər, eləcə də ixtisaslaşmış qiymətləndirmə və konsaltinq şirkətləri tərəfindən aparılır.

Rüfət Əliyev vurğulayıb ki, əmək fəaliyyətinin qiymətləndirilməsinin əsas fəlsəfəsi “idarə etmək üçün ölçmək lazımdır” prinsipinə əsaslanır. Onun fikrincə, sabit və şəffaf qiymətləndirmə sistemi həm işçilərin motivasiyasını artırır, həm də rəhbərliyə daha əsaslandırılmış strateji qərarlar qəbul etməyə imkan yaradır.

Qeyd edilib ki, əmək fəaliyyətinin qiymətləndirilməsi əvvəlcədən müəyyən edilmiş meyarlar əsasında, müəyyən zaman intervallarında işçilərin fəaliyyətinin, məhsuldarlığının və inkişaf potensialının obyektiv şəkildə dəyərləndirilməsini nəzərdə tutur və bu proses təkcə fərdi işçilərə deyil, bütövlükdə komandaların və şirkətlərin fəaliyyətinə də tətbiq oluna bilər.

Mövzuya görə xəbərlər