Son dəqiqə

Azərbaycan BP BP Azərbaycan

bp Mirzə Qədim İrəvaninin 200 illik irsinin təbliğinə dəstək verdi

BAKI,TurkicWorld

bp Azərbaycan təsviri incəsənətinin görkəmli nümayəndələrindən biri, realist rəssamlıq məktəbinin banisi Mirzə Qədim İrəvani haqqında nəşr olunmuş yeni kitabın çapına dəstək verib. Böyük sənətkarın anadan olmasının 200 illiyinə həsr edilən “Mirzə Qədim İrəvani: Parlaq rənglərin işığında” adlı kitab bp-nin təşkil etdiyi tədbirdə ictimaiyyətə təqdim olunub.

TurkicWorld xəbər verir ki, nəşr bp şirkətinin Azərbaycanın mədəni irsinin qorunması və təşviqi istiqamətində həyata keçirdiyi uzunmüddətli sosial-mədəni təşəbbüslər çərçivəsində dərc edilib. Kitabın nəşri Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2025-ci il tarixli sərəncamına uyğun olaraq reallaşdırılıb.

Tədbirdə çıxış edən bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, Mirzə Qədim İrəvani klassik miniatür sənətinin dekorativ üslubunu realist dəzgah boyakarlığı ilə sintez edərək Azərbaycan təsviri sənətində dönüş nöqtəsi yaradıb. Onun sözlərinə görə, təqdim olunan nəşr sənətkarın irsinin daha dərindən öyrənilməsinə və geniş auditoriyaya çatdırılmasına mühüm töhfə verəcək.

Kitabda Mirzə Qədim İrəvaninin ornamental rəssamlıq və portretçilik sahəsindəki yaradıcılığı geniş elmi təhlil əsasında təqdim olunur. Nəşrdə sənətkarın həyat yolu, yaradıcılıq təkamülü, saray interyerlərini bəzəyən əsərləri, eləcə də onun yaradıcılığına həsr edilmiş elmi məqalələr yer alıb. Əsərlərin bir qismi beynəlxalq muzey kolleksiyalarında qorunan nümunələr əsasında araşdırılıb.

224 səhifəlik yüksək poliqrafik keyfiyyətə malik nəşrin müəllifi filologiya üzrə fəlsəfə doktoru, dosent Nərgiz Cabbarlı, ön sözün müəllifi isə sənətşünaslıq üzrə fəlsəfə doktoru **Qalib Qasımov**dur. Kitabda, həmçinin Azərbaycanın tanınmış sənətşünas və tədqiqatçılarının elmi irsinə istinadlar yer alıb.

Qeyd edək ki, bu nəşr bp-nin dəstəyi ilə icra olunan daha geniş mədəni irs layihəsinin tərkib hissəsidir. Layihə çərçivəsində Azərbaycan xalçalarına və milli kinematoqrafiyanın tarixinə dair bir sıra fundamental elmi nəşrlərin də il ərzində ictimaiyyətə təqdim olunması nəzərdə tutulur. Layihənin ümumi dəyəri 308 min manatdan çoxdur.

bp-nin açıqlamasında vurğulanır ki, şirkət Azərbaycanda 33 ildən artıqdır fəaliyyət göstərir və bu müddət ərzində həm enerji sahəsində iri layihələrə, həm də mədəniyyət, təhsil və icma inkişafına yönəlmiş sosial sərmayə təşəbbüslərinə ardıcıl dəstək verir.

Mövzuya görə xəbərlər